Sumqayıtda məktəbdə zəhərlənənlərin sayı 21-ə çatdı - YENİLƏNİB
Sumqayıtdakı məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb. TƏBİB-dən bildirilib ki, 10:20 radələrindən başlayaraq 21 nəfər (17 kişi cinsli, 4 qadın cinsli) zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir. Qeyd edək ki, ilkin araşdırmalara görə Sumqayıtda şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir. Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Qeyd olunub ki, Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbində qeydə alınan zəhərlənmə hadisəsini dərhal nəzarətə götürərək araşdırmalara başlayıb: "Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür. Aparılan ilkin araşdırmaların nəticələrinə görə, hadisəyə məktəbdə şagirdlərdən birinin təhsil müəssisəsinə gətirdiyi, istifadə müddəti bitmiş (vaxtı keçmiş) şirniyyat məhsulu səbəb olub. Araşdırmalar davam edir. Görülən tədbirlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək". *** 11:41 Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir. Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən bildirilib. "Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılır. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək", məlumatda deyilir. *** 11:27 Sumqayıtda məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə baş verib. TƏBİB-dən bildirilib ki, bu gün saat 10:20 radələrində 14 nəfər (11 kişi cinsli, 3 qadın cinsli) zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. Qeyd olunub ki, zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.





















