Mənzil almaq istəyənlərə xəbərdarlıq... – “Bu hal risklidir”
Son zamanlar mənzillərin qiymətində artım müşahidə edilsə də alıcılıq qabiliyyətinin zəif olduğu bildirilir. Bu səbəbdən növbəti il üçün mənzil qiymətlərinin artacağı və ya ucuzlaşacağı suallar doğurur. Mediaxeberleri.Az-ın məlumatına görə mövzu ilə bağlı Pravda.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli qeyd edib ki, rəsmi statistikaya görə, 2026-cı ilin ilk doqquz ayında mənzil qiymətləri illik müqayisədə 8,4 faiz artıb. O bildirib ki, üçüncü rübdə isə artım tempi əvvəlki dövrlərlə müqayisədə nisbətən səngiyib: “Mərkəzi Bankın məlumatlarında mənzillərin kapitallaşma müddətinin 23 ilə çatması da investisiya baxımından diqqətə alınmalı göstəricidir. Mənzil bazarında qərar verərkən emosiyalara deyil, iqtisadi reallıqlara və şəxsi maliyyə imkanlarına əsaslanmaq lazımdır. Mənim fikrimcə, hazırda bütün alıcıların gözləmə mövqeyinə keçməsi düzgün yanaşma deyil. Çünki daşınmaz əmlak bazarında qiymətlərin mütləq ucuzlaşacağına dair zəmanət yoxdur. Mənzil almaq şəxsi yaşayış məqsədi daşıyırsa, alıcının kifayət qədər ilkin vəsaiti varsa və seçdiyi əmlak bazar qiymətinə uyğundursa, alış qərarını uzun müddət təxirə salmaq məqsədəuyğun olmaya bilər. Lakin sırf investisiya və gələcəkdə daha baha satmaq məqsədilə mənzil alanlar daha ehtiyatlı davranmalıdırlar”. Ekspert deyib ki, alıcılar elan qiymətləri ilə real satış qiymətlərini fərqləndirməlidirlər: “Mənim tövsiyəm belədir ki, tələsməyin, amma bazardan da tamamilə kənarda qalmayın. Alıcılar bir neçə alternativi müqayisə etməli və xüsusilə mənzilin sənədlərinə, yerləşməsinə, tikinti keyfiyyətinə diqqət yetirməlidirlər. Yaxın perspektivdə kəskin qiymət enişini qaçılmaz hesab etmək də, qiymətlərin fasiləsiz artacağını düşünmək də iqtisadi baxımdan əsaslandırılmış yanaşma deyil. Nəticə etibarilə, yaşayış ehtiyacı olan və maliyyə imkanları uyğun gələn vətəndaş üçün düzgün seçilmiş mənzili almaq olar. Lakin borclanaraq, yüksək qiymətə və sırf spekulyativ məqsədlə mənzil almaq hazırkı şəraitdə risklidir. Daşınmaz əmlakda əsas məsələ nə vaxt almaqdan daha çox, nəyi, haradan və hansı qiymətə almaqdır”.






















