Войти

Tahir Kərimli: “Coca-Cola”, “KFC”, “McDonald’s”, “BMW”, “Mercedes-Benz” kimi böyük şirkətlərlə bağlı tədbir görülməlidir

Gündəm

““Coca-Cola”, “KFC”, “McDonald’s”, “BMW”, “Mercedes-Benz” kimi dünyaca məşhur brendlər Azərbaycan üzrə rəsmi distribütorlarının səhifələrində Zəfər Günü münasibətilə hər hansı təbrik və ya bu tarixi günə dair xatırlatma paylaşımı etməyiblər. Bu, bizim yaralı yerimizdir. Vaxtilə Milli Məclisdə məsələ qaldırmışdım ki, xarici şirkətlərin Azərbaycanın dövlət büdcəsinə ödəmələri yoxlanılsın. Çünki aldığımız məlumatlar tamamilə bunun əleyhinə rəqəm deyirdi. Azərbaycandan qazanıb, amma Azərbaycan dövlətindən öz gəlirlərinin gizlədilməsi kimi hallar var idi. Bu, məsələnin iqtisadi tərəfidir. Doğrudan da, mənəvi və siyasi tərəfdən də bu şirkətlərin hərəkətləri çox təəssüf doğurur, bizi düşünməyə vadar edir”.

Mediaxeberleri.Az-ın məlumatına görə bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli deyib.

T.Kərimli vurğulayıb ki, Zəfər Günü Azərbaycanda adi bayramlardan biri deyil: “8 Noyabr tarixi Azərbaycanın bir neçə yüz illik müstəmləkə boyunduruğundan qurtulduqdan sonra öz əraziləri üzərində suverenliyinin tam bərpası anlamına gəlir, 44 günlük Vətən müharibəsində qazandığımız qələbəmizi ifadə edir. Azərbaycan dövlətinin üzünün ağlığını, vüqarını, qürurunu ifadə edir. Azərbaycanı bu münasibətlə təbrik etməmək bu şirkətlərin borcu deyil.  “Coca-Cola”, “KFC”, “McDonald’s”, “BMW”, “Mercedes-Benz” və digər şirkətlər Azərbaycanı təbrik etmirlər, ancaq Azərbaycandan, onun vətəndaşlarından milyonlar qazanırlar. Belə halda sual ortaya çıxır ki, bu şirkətlər hörmət göstərmir, Zəfər Günü Azərbaycanı təbrik etmirlərsə, deməli, ya onların məxsus olduqları dövlətlər buna imkan vermir, ya da erməni lobbisinin təsiri altındadırlar. Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə, qələbəsinə hörmət etməyən, düşmənlərinin xeyirinə, Azərbaycanı istəməyənlərin istəyinə uyğun davranan şirkətlərə niyə ölkəmizdə yer verilməlidir, bilmirəm. Bizi nə hesab edirlər, ya avam sayırlar? Bu məsələ diqqətdən yayınmamalıdır. Hökumət orqanları diqqət etməlidirlər ki, sözügedən şirkətlərin belə hörmətsizlik göstərdikləri halda geniş əl-qol açmalarına imkan verilməsin. Ümumiyyətlə, çox acınacaqlı haldır ki, bəziləri Azərbaycandan iqtisadi fayda götürür, amma dövlətimizə hörmət ifadə etmir. Bilirik, müəyyən şirkətlər əvvəllər təbrik ediblər, sonra hansısa məcburiyyət üzərindən təbriklərini geri çəkiblər. Bu, Azərbaycan dövlətinə, xalqına, tarixinə, keçmişinə, onun şərəfinə hörmətsizlikdən başqa bir şey deyil. Həmin şirkətlərlə bağlı adekvat tədbir görülməlidir. Reklamları məhdudlaşdırılmalı, fəaliyyətlərinə geniş arena verilməməlidir. Azərbaycan cəmiyyəti də bilməlidir ki, fayda verdiyi təşkilatlar onun dövlətinə, dövlətçiliyinə, keçmişinə hörmət etmirlər”.

Qeyd: Azərbaycanda “Coca-cola” və digər sərinləşdirici içkilərin istehsalı və satışı ilə məşğul olan “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin qanuni təmsilçisi Rəna Müzəffər qızı Məmmədova, “KFC” restoranlar şəbəkəsinin idarəçisi “GFC” MMC-nin qanuni təmsilçisi Zaur Rüstəm oğlu Məmmədov, “McDonald’s” restoranlar şəbəkəsinin idarəçisi “Mcdonald’s Azərbaycan” QSC-nin qanuni təmsilçisi Oskar Vadimoviç Boqopolskiy, BMW avtomobillərinin rəsmi distrübütoru “Improtex Motors” MMC-nin qanuni təmsilçisi sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Həsən oğlu Ələkbərov, Mercedes-Benz markalı avtomobillərin Azərbaycandakı rəsmi nümayəndəliyi “Avtokapital-Azərbaycan” MMC-nin qanuni təmsilçisi isə Orxan Famil oğlu Hacıyevdir.

Похожие новости

Комментарии (0)

Şərhin əlavə edilməsi

  • yenilə, əgər kod görünmürsə

Навигация