Minaya düşən traktorçunun bir əli amputasiya olundu
İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baș verib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərdə rayon sakini İsgəndər Adil oğlu İsmayılov idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində İsgəndər İsmayılov müxtəlif bədən xəsarətləri alıb. Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır. *** Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində mina partlayışı nəticəsində xəsarət alan traktorçu əməliyyat olunub. Hadisə zamanı xəsarət alan Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılovun sol əli bilək nahiyəsindən amputasiya olunub. Onun ayağından aldığı xəsarət isə əməliyyat yolu ilə bərpa edilib. Hazırda xəstəxanada müalicəsi davam etdirilir.





















