Media əməkdaşlarının çəkiliş zamanı məktəbin həyətində hücuma qalmaları ilə bağlı araşdırma başladı
Oktyabrın 28-də Bakıda yerləşən 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması zamanı yaranan insident araşdırılır. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, məsələ təhsili idarəetmə qurumları tərəfindən nəzarətə götürülüb. Qeyd olunub ki, hadisənin şahidləri olan pedaqoji kollektivin üzvlərinin, şagirdlərin və valideynlərin iştirakı ilə müvafiq araşdırma aparılacaq, qanunauyğun tədbirlərin görülməsi təmin ediləcək. Bildirilib ki, məsələ ilə bağlı polis orqanları tərəfindən də araşdırma aparılır. Araşdırmanın nəticələrinə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görüləcək. İdarədən, həmçinin, bu cür həssas hadisələrlə bağlı məlumatların yayılması zamanı dəqiqlik və məsuliyyət prinsiplərinə riayət edilməsinin, uşaqların qanunvericiliklə nəzərdə tutulmuş anonimliyinin, psixoloji təhlükəsizliyinin və mənafelərinin qorunmasının vacibliyi vurğulanıb. Qeyd edilib ki, şagirdlərlə müsahibələrin aparılmasına və onların emosional vəziyyətinə mənfi təsir göstərə biləcək digər davranışlara yol verilməməlidir.





















