Liderlərin qoruduğu qardaşlıq: Azərbaycana qarşı kampaniya kimə xidmət etdi?
Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında oktyabrın 21-də keçirilən telefon danışığı münasibətlərin gələcəyi üçün mühüm müsbət siqnal oldu. Əməkdaşlığın inkişafına qarşılıqlı əminlik, qardaşlıq münasibətlərinin vurğulanması və Azərbaycan liderinin Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə dəvət edilməsi iki dövlətin ortaq gündəliyini bir daha önə çıxardı. Bu danışığın siyasi mənası aydındır: İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı münasibətlər Azərbaycan-Türkiyə müttəfiqliyinin əsas dayaqlarından biridir. Liderlərin qoruduğu bu etimadın üzərinə məsuliyyətsiz bəyanatlarla kölgə salmağa çalışanlar isə öz davranışlarının nəticələri barədə düşünməlidirlər. Lakin müsbət telefon danışığı son həftələrdə baş verənləri yaddaşdan silmir. Əksinə, mühüm bir sualı daha aydın ortaya qoyur: münasibətlərin strateji əhəmiyyəti bu qədər böyükdürsə, Azərbaycana qarşı aparılan kampaniyanın genişlənməsinə niyə vaxtında siyasi münasibət bildirilmədi? Məsələnin yalnız anonim sosial şəbəkə hesablarından ibarət olmadığı artıq açıqdır. Yeni Azərbaycan Partiyası oktyabrın 13-də yaydığı bəyanatda Türkiyədəki bəzi media resurslarında Azərbaycana qarşı böhtan xarakterli məlumatların yayıldığını, Türkiyə prezidentinin baş müşaviri Oktay Saralın və AKP-dən olan deputatların da bu kampaniyaya qoşulduğunu bildirib. Bəyanatda Azərbaycana yönələn tənqidlərin ictimaiyyətdə haqlı hiddət doğurduğu ayrıca vurğulanıb. Bu, siyasi məsuliyyət məsələsidir. Dövlət vəzifəsi daşıyan şəxsin sözünün çəkisi də, yaratdığı nəticə də fərqlidir. Prezidentin baş müşaviri danışarkən onun bəyanatı sıravi istifadəçinin şəxsi fikri kimi qarşılanmır. Oktay Saralın Azərbaycanı mövqeyindən geri çəkilməyə çağırması məhz buna görə qəbuledilməzdir. Baş müşavir Azərbaycanın məktəb qaydaları barədə hökm verərək ölkəmizin yanaşmasını dəyişməsini gözlədiyini açıqlayıb. Belə bir üslub bərabərhüquqlu müttəfiqlər arasında etimadı necə gücləndirə bilər? Saral özündən soruşmalıdır: onun vəzifəsinin siyasi məsuliyyəti iki prezidentin qurduğu münasibətlərə töhfə verməyi tələb edir, yoxsa Azərbaycan haqqında ittihamların sırasını genişləndirməyi? Azərbaycanın daxili qərarlarına göstəriş dili ilə münasibət bildirmək səlahiyyətini ona kim verib? Qardaş ölkəyə münasibətdə vəzifə və nüfuz daha çox təmkin, daha çox dəqiqlik tələb edir. Həssas mövzunu siyasi təzyiq vasitəsinə çevirmək, qarşı tərəfin mövqeyini dinləmədən hökm çıxarmaq həmin məsuliyyətlə bir araya sığmır. Bu çıxışların kim tərəfindən əlaqələndirildiyi, aralarında təşkilati bağlılığın olub-olmadığı araşdırılmalıdır. Sifariş və koordinasiya barədə nəticə sübuta əsaslanmalıdır. Ancaq açıq bəyanatlara görə siyasi məsuliyyəti müəyyənləşdirmək üçün gizli sifarişin üzə çıxmasını gözləməyə ehtiyac yoxdur. Hər kəs dediyi sözün və vurduğu zərərin cavabını verməlidir. Azərbaycan ictimaiyyətində yaranan incikliyin səbəbi də buradadır. Türkiyə Azərbaycanda yaxın müttəfiq, çətin gündə yanında dayanılan qardaş ölkə kimi qəbul olunur. Belə münasibətin qarşılığında Azərbaycanın dövlətçiliyini və rəhbərliyini hədəfə alan çıxışlar xüsusilə ağır qarşılanır. Bu incikliyi sadəcə emosional reaksiya saymaq yanlış olardı. Söhbət qarşılıqlı hörmət gözləntisindən gedir. Qardaşlıq haqqında danışan şəxslər həmin qardaşlığın qarşı tərəfin ləyaqətinə və müstəqil iradəsinə hörmət tələb etdiyini də qəbul etməlidirlər. Türkiyədə bu məsuliyyəti nümayiş etdirən siyasətçilər də oldu. Binəli Yıldırımın Azərbaycanın daxili işlərinə müdaxiləni rədd edən mövqeyi buna nümunədir. Belə yanaşma münasibətlərin qorunmasına xidmət edir və siyasi təcrübənin dəyərini göstərir. Dövlət Bağçalı da iki ölkənin qardaşlığına zərər verən yanaşmalara qarşı çıxaraq qarşılıqlı anlaşmanın, suverenliyə və müstəqilliyə hörmətin vacibliyini vurğuladı. Bu mövqe Azərbaycana münasibətdə hansı siyasi dilin seçilməli olduğunu göstərir. Kampaniyaya etiraz Türkiyənin sosial media məkanında da səsləndi. Azərbaycanın daxili işlərinə müdaxiləni tənqid edən, dünyəvi dövlət modelinə dəstək bildirən istifadəçilərin paylaşımları göstərdi ki, Azərbaycanı hədəfə alanlar bütün Türkiyə cəmiyyətinin adından danışa bilməzlər. Bu dəstək qiymətlidir. Çünki münasibətlərin qorunması yalnız prezidentlərin və diplomatların üzərinə düşmür. İctimai nüfuzu olan hər siyasətçi, media nümayəndəsi və vətəndaş dediyi sözün iki xalq arasındakı etimada təsirini nəzərə almalıdır. İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın telefon danışığı irəliyə baxmaq üçün mühüm imkan yaradıb. İndi həmin müsbət siyasi iradənin ictimai münasibətlərdə də qarşılığı görünməlidir. Bunun yolu baş verənləri unutdurmaqdan deyil, tənqidlərə açıq münasibət bildirməkdən və eyni davranışların təkrarlanmasına imkan verməməkdən keçir. Liderlərin qoruduğu qardaşlığa zərbə vuranlar vəzifələrinin, siyasi mənsubiyyətlərinin və dini şüarların arxasında gizlənə bilməzlər. Azərbaycanla dostluğun ilk şərti onun dövlətinə, xalqına və suveren iradəsinə hörmətdir. Aqil Vəlili





















