“QHT işi” üzrə ittiham olunan Zamin Zəki yenidən məhkəmə qarşısında
“QHT işi” üzrə ittiham olunanlardan biri, sosial işçi Zamin Zəkinin barəsindəki qərardan kassasiya şikayəti verilib.
Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.
Qeyd: Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.
Cinayət işi üzrə bir sıra qeyri-hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılır.
Zamin Zəkinin barəsində Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
O, 50 min manatdan artıq qanunsuz pul vəsaitini leqallaşdırmada ittiham olunur.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Zamin Zəkiyə 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, onun cəzasının müddəti 3 ay azaldılıb.





















