Vətən Müharibəsi Qəhrəmanı Azər Yusiflinin əziz xatirəsi ehtiramla yad edilib
Vətən Müharibəsi Qəhrəmanının məzarı və adına əbədiləşdirilən Böyük Kəsik kənd tam orta məktəb binasının önündə büstü ziyarət olunub, ölkəmizin azadlığı uğrunda canından keçən Vətən övladlarının ruhuna dualar oxunub. Məktəbin akt zalında təşkil olunan tədbirdə Azər Yusiflinin keçdiyi şərəfli ömür və döyüş yollarından, Müzəffər Ordumuzun şanlı tariximizə yazdığı qəhrəmanlıq səlnaməsindən, eləcə də ölkəmizdə şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən yüksək dövlət qayğısından geniş bəhs olunub, Ağstafa rayonu üzrə Təhsil sektorunun təşkilatçılığı ilə məktəblilərin təqdimatında Vətən Müharibəsi Qəhrəmanının xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Qəhrəmanın doğma evində ehsan süfrəsi təşkil olunub. Allahdan ölkəmizin azadlığı və suverenliyi naminə canını fəda edən Vətən övladlarına rəhmət diləyir, onların doğmalarına firəvan ömür arzu edirik!
Bu gün Ağstafanın Böyük Kəsik kəndindən olan Vətən Müharibəsi Qəhrəmanımız Azər Nazim oğlu Yusiflinin ölkəmizin azadılğı, suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalmasından altı il ötür. Vətən oğlunun əziz xatirəsinin böyük hörmət və ehtiramla yad olunduğu anım tədbirində Ağstafa Rayon İcra Hakimyyətinin başçısı Seymur Orucov, Qəhrəmanın atası Nazim Yusifov və doğmaları, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, Dövlət Sərhəd Xidmətinin əsgər və zabit heyəti, ictimaiyyət nümayəndələri iştirak ediblər.





















