Bakıda iş saatları dəyişdirilir - Yalnız bu halda...
İş vaxtının fərqli rejimlərdə təşkil olunması şəhər nəqliyyatında pik saatlarda avtomobil yükünü, eləcə də insan axınını azaltmaq baxımından faydalı addım ola bilər. Çünki hazırda insanların böyük əksəriyyətinin eyni saatlarda işə gedib-gəlməsi, yollara çıxması səhər və axşam saatlarında ciddi sıxlıq yaradır. Bu sözləri Mediaxeberleri.Az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bəzi qurumlarda iş vaxtının 3 rejimdə təşkil ediləcəyi haqda məlumatı şərh edərkən deyib. Onun sözlərinə görə, işçilərin bir hissəsi üç fərqli vaxtda, məsələn, 8-də, 9-da və 9:30-da işə gələrsə, bu zaman nəqliyyat axını müəyyən qədər paylana bilər: “Bu da pik saatlarda həm avtomobillərin, həm ictimai nəqliyyatın, xüsusilə avtobusların, həm də taksilərin yükünü azaldar. Ancaq burada əsas şərt odur ki, bu rejim real vəziyyətdə tətbiq olunsun”. Ekspert hesab edir ki, eyni zamanda məktəblərin, universitetlərin, dövlət qurumlarının, biznes və özəl qurumların iş saatlarının da mərhələli şəkildə uyğunlaşdırılması lazımdır: “Təkcə bir neçə qurumda tətbiq olunması və fərqli qrafiklərin müəyyənləşdirilməsi Bakı kimi əhalisi çox olan böyük bir şəhərdə sıxlığı aradan qaldırmayacaq. Bu iş düzgün təşkil olunarsa, ümumi nəqliyyat yükünün idarə edilməsinə müsbət təsir göstərə bilər”.





















