Aeroportda sərnişinlərin baqajından gömrükdən gizlədilən dərmanlar və siqaretlər aşkarlanıb
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat və gömrük nəzarəti tədbirləri nəticəsində 3 fakt üzrə gömrük nəzarətindən gizlədilən dərman vasitələri və siqaretlər aşkar edilib. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat paylaşıb. Məlumata görə, Təbriz-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşlarının baqajlarına stasionar rentgen qurğusunda baxış keçirilib və şübhəli təsvirlər müşahidə olunub. Yoxlama zamanı hər üç vətəndaşa məxsus baqajlardan gömrük nəzarətindən gizlədilən dərman vasitələri - 12 440 ədəd həb, 4066 ədəd kapsul, 162 ədəd və 41 qutu maye məhlul, 120 paket toz halında məhlul, 70 ədəd şam, 2 qutu iynə, 58 qutu və 613 ədəd maz, 1 qutu gel, həmçinin 4460 ədəd siqaret aşkar olunub. Faktlarla bağlı araşdırma aparılır.





















