Formula 1 öncəsi universitetlərdən dərslərlə bağlı QƏRAR
Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar bəzi universitetlərdə dərslərin onlayn formata keçirilib-keçirilməyəcəyi maraq doğurur. Mediaxeberleri.Az xəbər verir ki, modern.az məsələ ilə bağlı bir sıra ali təhsil müəssisələrinə sorğu ünvanlayıb. Bakı Dövlət Universitetidən bildirilib ki, universitetdə tədris ənənəvi qaydada davam edəcək. Azərbaycan Dövlət İqtisad Universitetidə isə məsələ ilə bağlı hazırda qərar verilmədiyi qeyd olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən verilən məlumata görə, tədris ənənəvi (əyani) formatda davam edəcək. Universitetin distant və ya onlayn təhsilə keçməsi nəzərdə tutulmur. Azərbaycan Texniki Universiteti də dərslərin ənənəvi qaydada davam edəcəyini açıqlayıb. Xəzər Universitetində də F1 yarışları ilə əlaqədar dərslərin formatında dəyişiklik gözlənilmir. Universitetdən bildirilib ki, təhsil müəssisəsi şəhər mərkəzindən kənarda yerləşdiyindən dərslər adi qaydada keçiriləcək. Azərbaycan Memarlıq və İnşaat Universitetindən bildirilib ki, əvvəlki Formula 1 yarışlarının keçirildiyi dövrdə tədris vaxtına düşən dərslər əyani formada təşkil olunub. “Bu il də dərslərin ənənəvi qaydada keçirilməsi planlaşdırılır. Əgər bu qərarda hər hansı dəyişiklik olarsa, ictimaiyyətə bu haqda məlumat veriləcək”, – universitetdən qeyd edilib. ADA Universitetindən isə bildirilib ki, Formula 1 ilə əlaqədar dərslərin formatında heç bir dəyişiklik olmayacaq. Beləliklə, sorğuya cavab verən universitetlərin böyük əksəriyyətində Formula 1 yarışları ilə əlaqədar onlayn və ya distant təhsilə keçid planlaşdırılmır. UNEC-də isə bununla bağlı qərarın hələ verilmədiyi bildirilib.





















