Nehrəm qəsəbəsində 522 şagird yerlik 3 nömrəli tam orta məktəbi istifadəyə veriləcək - FOTO
Naxçıvanda təhsil infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən layihələr çərçivəsində Babək rayonunun Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbində yenidənqurma və bərpa-gücləndirmə işləri tam yekunlaşdırılıb. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məktəb yeni tədris ilindən şagird və pedaqoji heyətin istifadəsinə veriləcək. 522 şagird yerlik, 3 mərtəbəli məktəbdə 30 sinif otağı ilə yanaşı, kimya, biologiya və fizika laboratoriyaları, kompüter və STEAM otaqları, ibtidai hərbi hazırlıq kabineti, əmək otaqları, kitabxana, yeməkxana, akt və idman zalları yaradılıb. Məktəbin 540 kvadratmetr sahəyə malik qapalı idman zalı, həyətyanı ərazidə müxtəlif yaş qrupları üçün oyun və idman meydançaları, açıq futbol sahəsi, həmçinin içməli su və yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə su anbarları istifadəyə hazır vəziyyətə gətirilib.





















