Yasamalda qorxulu vəziyyət: "Məktəblər açılana qədər həll edilməsə..." - VİDEO
Bakının Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi, 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının fasadının yaratdığı təhlükə sakinləri narahat edir. Belə ki, 2009-cu ildə inşa edilən bina tam təhvil verilməyib. Sakinlər iddia edirlər ki, binanın sahibi ölkədən gedib və hazırda onunla əlaqə saxlamaq mümkün deyil. Mediaxeberleri.Az Baku TV-yə istinadən bildirir ki, mənzil sahiblərinin sözlərinə görə, onlar 2019-cu ildə aidiyyəti dövlət qurumlarına müraciət edərək mənzillərinə dair rəsmi çıxarış əldə ediblər və ünvanda qeydiyyata düşüblər. 2011-ci ildən etibarən binanın üzlük daşlarının qoparaq tökülməsi ilə bağlı müxtəlif qurumlara məlumat veriblər. Sakinlər bildirirlər ki, Yasamal Rayon İcra Hakimiyyətinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etsələr də, problem tam həll olunmayıb. Vətəndaşların sözlərinə görə, aidiyyəti qurumlar binanın fasadının təmirinin bina sahibinin öhdəliyində olduğunu bildiriblər. Onun ölkə xaricində olması səbəbindən isə problemin həlli çətinləşib. 





















