Könül Qasımova həbs olundu
“Sevgi evi” Qadın və Uşaq sığınacağının sahibi Könül Qasımova həbs olunub. Mediaxeberleri.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi ötən ay qərar qəbul edib. Qərara əsasən, Könül Qasımova barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 133.2.1-ci (iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədildikdə), 133.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə), 133.2.4-cü ( təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 133.2.6-cı (işgəncə verməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Qeyd edək ki, Könül Qasımova 3 il öncə Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə ittiham edilərək hakim qarşısına çıxarılmışdı. Həmin vaxt ona Sabunçu Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdi. Təqsirləndirilən şəxsin himayəsində azyaşlı övladı olması səbəbindən qanunvericiliyə uyğun olaraq uşaq 14 yaşına çatana qədər ananın cəzasını çəkməsi təxirə salınıb. Lakin Könül Qasımova bu əməllərindən əl çəkməyib və bu dəfə onun barəsində həbs qətimkan tədbiri seçilib.





















