Gənc vəkillər dindirmədə iştirak etmədən protokolu imzaladılar - MƏHKƏMƏDƏN İFŞA
Azərbaycana dəniz yolu ilə 20 kiloqramdan çox narkotik gətirmək ittihamı ilə bir ildən artıq həbsdə saxlanılan üç İran vətəndaşı məhkəmənin bəraət hökmü ilə azadlığa buraxılıb. Xatırladaq ki, Vahid Layeqi, Xalid Yazdani və Tohid Monşinejat ötən il mayın 29-da Xəzər dənizinin Neftçala rayonu yaxınlığında qayıqda saxlanılmışdılar. Onlara Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə, qaçaqmalçılıq və satış məqsədilə külli miqdarda narkotik vasitə daşıma ittihamları irəli sürülmüş, barələrində həbs qətimkan tədbiri seçilmişdi. Bəraət hökmü ilə yekunlaşan işin araşdırılması zamanı bir sıra diqqətçəkən məqamlar da üzə çıxıb. Məhkəmə qərarında dövlət hesabına təyin olunmuş vəkillər Elnaz Səmədova və Günel Məmmədovanın təqsirləndirilən şəxslərə faktiki hüquqi yardım göstərmədiyi, istintaq hərəkətlərində iştirak etmədikləri halda protokolları imzaladıqları qeyd olunub. Hökmdə, həmçinin istintaq zamanı toplanmış bəzi sübutların etibarlılığı şübhə altına alınıb. Məlumata görə, adıçəkilən vəkilin hər ikisi gənc vəkillərdir. Bəs görəsən, onları bu saxtakarlıqda iştirak etməyə nə vadar edib? Mediaxeberleri.Az xəbər verir ki, məsələ ilə bağlı Gununsesi.info vəkil Elnaz Səmədova ilə əlaqə saxlayıb. O, məhkəmənin qərarında yer alan iddiaları qəbul etmədiyini bildirərək, əlavə şərh verməkdən boyun qaçırıb. Digər vəkil Günel Məmmədova isə məhkəmə hökmündə yer alan faktları danmağa çalışıb. O, bildirib ki, bu iş üzrə üzərinə düşən vəzifələri peşəkarlıqla yerinə yetirib və vicdanı qarşısında rahatdır.





















