Magistraturaya ixtisaslaşma seçimi başlanır
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlanır. Bu barədə DİM-dən məlumat verilib. İxtisaslaşma seçiminə magistraturaya 15 fevral, 17 may və 14 iyun 2026-cı il tarixlərində keçirilmiş qəbul imtahanlarının (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar. Həmin bakalavrlar 26 iyul saat 23:59-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma seçimini aparmalıdırlar. Bakalavrlar öz istəklərinə görə ixtisaslaşma seçimində və müsabiqədə imtahanın hər hansı bir cəhdində göstərdikləri nəticə (topladıqları bal) əsasında iştirak edə bilərlər. İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan 20-dək ixtisaslaşmanın kodunu seçərək "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Bakalavrın seçdiyi ixtisaslaşmalar seçim cədvəlinə əsasən onun seçmək hüququ olduğu və bitirdiyi bakalavr ixtisasına (bəzi ixtisaslaşmalar üçün həmçinin xarici dilə qoyulan tələbə) müvafiq olmalıdır. (qəbul aparılan ixtisaslaşmalar və həmin ixtisaslaşmalara ayrılan yerlərin proqramlar üzrə siyahısı “Magistr” jurnalının 4-cü nömrəsində təqdim olunub). Jurnalı DİM-in inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. "Magistr" jurnalının 4-cü nömrəsinin elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək olar. Müsabiqəyə yalnız “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.





















