Yanlış hesaba köçürülən pulu necə geri almaq olar? – Hüquqşünas AÇIQLADI
Rəqəmsal bank xidmətlərinin yayılması ilə kartdan karta pul köçürmələri daha da artıb. Bununla yanaşı, yanlış hesaba göndərilən pullarla bağlı şikayətlər də çoxalır. Səhv köçürülən vəsaiti geri almaq mümkündürmü? Belə hallarda bank hansı addımları atır və qanun nə deyir? Bu barədə “AzPolitika”ya açıqlama verən bank sektoru üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov bildirib ki, səhvən başqa karta göndərilən vəsaiti geri qaytarmaq mümkündür, lakin bu proses uzun çəkə bilər. Onun sözlərinə görə, belə hallarda məsuliyyət bankın deyil, kart nömrəsini səhv daxil edən vətəndaşın üzərinə düşür: “Vətəndaş ilk növbədə öz bankına müraciət etməli və yanlış kart nömrəsinə pul köçürdüyünü bildirməlidir. Daha sonra həmin bank vəsaitin daxil olduğu bankla əlaqə saxlayaraq məlumat verməlidir. Məsələn, vətəndaş A bankının müştərisidirsə və səhvən B bankındakı hesaba pul göndəribsə, A bankı B bankına müraciət edərək vəsaitin yanlış köçürüldüyünü bildirir. Bundan sonra B bankı öz müştərisi ilə əlaqə saxlayır və hesabına vəsaitin səhvən daxil olduğunu bildirərək, onu geri qaytarmaq istəyib-istəmədiyini soruşur”. Ekspert qeyd edib ki, vəsait geri qaytarılarsa, köçürmə zamanı tutulmuş komissiya səbəbindən məbləğ tam şəkildə geri qayıtmaya bilər. Lakin bu komissiya pulu səhv göndərən vətəndaşın hesabına yazılmamalıdır. “Əgər vəsaiti alan şəxs pulu geri qaytarmaqdan imtina edərsə, bank onun şəxsiyyətini açıqlaya bilməz. Çünki bu məlumat bank sirri hesab olunur. Belə vəziyyətdə pulu göndərən şəxsin yeganə yolu məhkəməyə müraciət etməkdir. O, vəsaiti alan şəxsin kimliyini bilmədiyi üçün iddianı həmin şəxsin bankına qarşı qaldırmalıdır və vəsaitin geri qaytarılmasını tələb etməlidir. Məhkəmə araşdırması zamanı isə bank vəsaiti alan şəxsin kimliyini açıqlaya bilər. Bundan sonra həmin şəxs cavabdeh qismində prosesə cəlb olunur. Əgər o, vəsaitin ona qanuni əsasla köçürüldüyünü, məsələn, borcun ödənilməsi məqsədilə göndərildiyini sübut edə bilməsə, məhkəmənin qərarı ilə pulu geri qaytarmalı olacaq. Lakin bütün bu prosedur xeyli vaxt apara bilər”, – deyə Əkrəm Həsənov bildirib”. Oğuz Ayvaz 






















