Lisey və gimnaziyalara qəbul başlayır
2026-2027-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən bir sıra lisey və gimnaziyaların 7-ci sinfinə qəbul başlayır. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb. Məlumata görə, şagird qəbulu mərkəzləşdirilmiş imtahan əsasında həyata keçiriləcək. Qeydiyyatdan keçmək üçün valideynlər (və ya qanuni nümayəndələr) şəxsi kabinetlərində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq öncə “Mərkəzi imtahanla qəbul” düyməsini, sonra isə imtahan keçiriləcək mərkəzi və müvafiq məlumatları seçməlidirlər. Qeydiyyat 9 – 19 iyun tarixləri arasında aparılacaq. Qeyd edək ki, lisey və gimnaziyalara qəbul ildə bir dəfə – tədris ili başlamazdan əvvəl “Şagirdlərin elektron yerdəyişməsi” (sy.edu.az) sistemi vasitəsilə qeydiyyatdan keçmiş və imtahanda iştirak hüququ qazanmış şagirdlər üçün təşkil olunur. İmtahanda şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən müxtəlif tipli suallar təqdim edilir. Müvafiq bal toplayan şagirdlər seçim mərhələsinə buraxılır. Qəbul olunan şagirdlər üçün sistemdə avtomatik sorğular yaradılır və sənəd qəbulu prosesi aparılır. Lisey seçimi 2 mərhələdə, ehtiyac olduqda isə 3 mərhələdə həyata keçirilir.





















