Yeni xərçəng əleyhinə dərman - Qazaxıstan istehsal edəcək
Qazaxıstanda yerli istehsal olan DVC adlı xərçəng əleyhinə preparatın klinik sınaqları davam edir. Bu barədə ölkənin elm və ali təhsil naziri Səyasət Nurbek hökumət iclasında məlumat verib. Onun sözlərinə görə, dərman artıq insanlar üzərində sınaq mərhələsinə keçib və hazırda Astana Onkoloji Mərkəzində, eləcə də regionlardakı ixtisaslaşmış klinikalarda test edilir.
Nazir bildirib ki, preparatın qeydiyyatı üçün yalnız milli deyil, beynəlxalq standartların tələbləri də yerinə yetirilməlidir. Bu səbəbdən əlavə klinik sınaqlara ehtiyac yaranıb. Planlara əsasən, tədqiqatlar 2026-cı ilin sonuna qədər tamamlanacaq və dərman ilkin olaraq ölkə daxilində qeydiyyatdan keçiriləcək.
Qeyd edək ki, preparatın hazırlanması 2024-cü ildən davam edir. İlkin məlumatlara görə, dərman şiş və metastazlara birbaşa təsir göstərir və xəstələr tərəfindən ümumilikdə yan təsirsiz qəbul olunur.





















