İrəvandan daha bir ANTİ-RUSİYA QƏRARI: Paşinyan Bişkekə niyə zəng edib?
Ermənistanın Baş naziri Nikol Paşinyan Qırğızıstan prezidenti Sadır Japarovla telefon danışığında MDB-nin Bişkek sammitində iştirak edə bilməyəcəyini bildirib. Bu barədə Qırğızıstan liderinin mətbuat xidməti məlumat yayıb. Söhbətin Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutduğu qeyd edilir. Liderlər ikitərəfli gündəliyin cari məsələlərini, o cümlədən MDB Dövlət Başçıları Şurasının oktyabrın 13-də Qırğızıstanın paytaxtında keçiriləcək iclasını da müzakirə ediblər. "Söhbət zamanı Ermənistanın baş naziri təəssüflə bəyan edib ki, bir sıra şərtlərə görə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edə bilməyəcək", - deyə məlumatda bildirilir. Liderlər daimi təmasları davam etdirmək və ikitərəfli münasibətləri gücləndirmək barədə razılığa gəliblər. Bundan əvvəl məlum olub ki, Bişkekdə keçiriləcək MDB Xarici İşlər Nazirləri Şurasının iclasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da iştirak etməyəcək.