Binanın dam örtüyü sakinlərin həyatı üçün təhlükə törədir
23 il əvvəl istifadəyə verilən binaların damı yararsız vəziyyətdədir. Mediaxeberleri.Az Xəzər TV-yə istinadən xəbər verir ki, görüntülər paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, 1A ünvanındandır. Binanın dam örtüyü yararsız hala düşdüyündən sakinlərin həyatına təhlükə yaranıb. Sakinlər iddia edirlər ki, yaranmış vəziyyət səbəbindən evlərə su damır. Su da elektrik naqillərinin üzərinə düşür və təhlükə daha da artır. Sakinlər bildirirlər ki, xüsusən son dörd ildə bu çıxılmaz vəziyyətlə üz-üzə qalıblar. Hara müraciət etsələr də, faydası olmur. Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, qeyd edilən bina xüsusi təyinatlıdır. Bununla bağlı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət etmək tövsiyə olunub. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı xüsusi təyinatlı komunal təsərrüfat birliyindən isə bildirilib ki, həmin bina təmir edilib. Bu çərcivədə binanın dam örtüyünün də təmiri nəzərdə tutulub. Həmin vaxt damdakı su çənləri götürülən zaman sakinlər buna etiraz ediblər və təmir yarımçıq qalıb. Su çənləri damdan tam yığışdırıldıqdan sonra onun tam təmiri həyata keçiriləcək.





















