Biləsuvara qonaq gedən Cəlilabad sakinləri zəhərləndi - Baş Prokurorluq araşdırma aparır - YENİLƏNİB
Sentyabr 29-da Cəlilabad rayonunun Uzuntəpə kəndinin 11 sakininin qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Qeyd edək ki, həmin şəxslər ambulator müayinədən keçirildikdən sonra evə buraxılıb. *** 10:28 Biləsuvar rayonuna qonaq gedən Cəlilabad sakinlərindən 10 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edib. Hadisə onlar Biləsuvar rayonunda məclisdə iştirak etdikdən sonra baş verib. Belə ki, məclisdə iştirak edən ailə üzvləri Cəlilabaddakı evlərinə qayıtdıqdan sonra özlərini narahat hiss ediblər. Onlardan 10 nəfər, o cümlədən azyaşlılar zəhərlənmə şübhəsi ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. İlkin ehtimala görə, onların mərasim zamanı qəbul etdikləri qidadan zəhərləndikləri bildirilir. TƏBİB-dən bildirilib ki, sentyabrın 29-da saat 23:00 radələrində zəhərlənmə şübhəsi ilə 10 nəfər (5 kişi, 5 qadın) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Zəruri tibbi xidmətlər göstərilən pasiyentlər ambulator müalicə üçün evə buraxılıblar.





















