Azərbaycanda hava KƏSKİN DƏYİŞƏCƏK: Yağış, dolu, qar və sel gözlənilir - XƏBƏRDARLIQ
Oktyabr ayının ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, oktyabrın 1-i gündüz saatlarından başlayaraq 5-dək ölkənin bəzi yerlərində yağıntıların leysan xarakterli, intensiv və güclü olacağı gözlənilir. Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi Aran, Quba-Qusar və Dağlıq Şirvan bölgələrinin bəzi rayonlarında şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eləcə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal edilir. Oktyabrın 2-3-də ölkənin bəzi yerlərində qərb küləyi əsəcək, ayrı-ayrı ərazilərdə arabir güclənəcək. Qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturunun əvvəlki günlərlə müqayisədə 5-8 dərəcə aşağı düşəcəyi gözlənilir. Eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bildirilib ki, Neftçala və Qobustanda narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, İsmayıllı, Qəbələ, Hacıqabul, Salyan, Lənkəran, Astara, Cəlilabad, Biləsuvar, Kəlbəcər, Laçın, Culfa, Mingəçevir, Sabirabad, Şirvan, Daşkəsən, Gədəbəy, Naftalan və Goranboyda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək. Küləyin sürəti 13.9-20.7 m/s təşkil edəcək.





















