Deputat benzinin bahalaşmasından danışdı: “Dövlət vətəndaşın gündəlik yükünü də görməlidir, balans pozulanda etiraz səsi yüksəlir”
“Benzinin bahalaşması cəmiyyətdə narazılıq doğurursa, bu, təsadüfi deyil. Çünki yanacaq qiyməti təkcə avtomobili olanlara yox, hamıya təsir edir: daşımalar, ərzaq, xidmətlər bahalaşır və nəticədə gündəlik xərclər artır. Rəsmi tərəf bunu qlobal qiymətlər, büdcə balansı və uzunmüddətli iqtisadi sabitliklə izah edə bilər. Bu arqumentləri tam inkar etmək olmaz, amma eyni zamanda reallıq da var - gəlirləri artmayan, amma xərcləri artan cəmiyyət üçün belə qərarlar həssas dövrdə daha ağır qəbul olunur. Xüsusən də, sosial müdafiə mexanizmləri paralel gücləndirilmirsə, vətəndaşlar bunu birtərəfli və sosial ziddiyyət yaradan hal kimi qəbul edir”. Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib. R.Nurullayev qeyd edib ki, əsas “alternativlər nəzərə alınırmı? sualıdır: “Bu suala cavab vermək isə çətindir. Rəsmi yanaşmanı "alternativ yoxdur" kimi görürəm, çünki iqtisadiyyatın, qeyri-neft sektorunun inkişafı kafi dərəcədə deyil və nəticədə rəqabətli və yüksək maaşlı iş yerləri də çox məhduddur. Əlavə olaraq deyim ki, cəmiyyətə qərarın zəruriliyi daha açıq və əsaslandırılmış formada izah edilsəydi, narazılıq da bu qədər kəskin olmazdı. Yekun olaraq, məsələ təkcə benzinin qiyməti deyil. Problem qərarların zamanlaması, sosial təsiri və ictimai izahıdır. Dövlət iqtisadi sabitliyi düşünməlidir, amma eyni dərəcədə vətəndaşın gündəlik yükünü də görməlidir. Balans pozulanda etiraz səsi yüksəlir”. 





















