“Saxtakarlıq və dələduzluqdur...” – “Yeni Azərbaycan” “Azərbaycan”ı ittiham edir
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu bu gün on mininci sayı çap olunan “Azərbaycan” qəzetinin rəhbərliyini saxtakarlıqda və dələduzluqda ittiham edib. A.Həsənoğlu “facebook”da yazıb ki, vaxtilə Heydər Əliyevin təyyarədə “Yeni Azərbaycan” qəzetini oxuyarkən çəkilmiş fotosu montaj olunub. Baş redaktor bu barədə yazır: “Bu gün "Azərbaycan" qəzetinin 10 000-ci sayı çap olunub. Həmkarlarımızı təbrik edirik. Təəssüf ki... "Azərbaycan" qəzetinin dərc etdiyi foto gerçək deyil. Ulu Öndərimizin "Yeni Azərbaycan" qəzetini oxuyarkən çəkilən fotosu dəyişdirilib. Bu barədə dəfələrlə deyilib, yazılıb. Amma bu saxtakarlıq dönə-dönə tirajlanır. Fotoda da hər şey aydın görünür. Azərbaycan dövlətinin saxtakarlara və vətən xainlərinə müharibə elan etdiyi bir ərəfədə belə saxtakarlıq etmək nəyə xidmət edir? Hər bir foto faktdır. Fotonu dəyişmək faktı dəyişdirmək deməkdir. Faktı təhrif etmək, dəyişmək isə hüquqi məsuliyyət məsələsidir. Belə işlərlə yalnız dələduzlar məşğul ola bilər!...”






















