Nazirdən erkən təqaüdə çıxma məsələsi ilə bağlı açıqlama
"Hazırda erkən təqaüdə çıxma məsələsi böyük aktuallıq kəsb edir". Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev parlamentin bugünkü plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihələrinin ikinci oxunuşda müzakirəsi zamanı deyib. Nazir qeyd edib ki, deputatlar bu barədə ona suallar ünvanlayıb: "Azərbaycanda güzəştli şərtlərlə erkən pensiyaya çıxmaq hüququna malik olan şəxslərin sayı və kateqoriyası sosial yönümlüdür. Belə ki, erkən pensiyaya çıxmaq hüququ çoxuşaqlı analara, zərərli və ağır əmək şəraitində çalışanlara, pilotlara, ahıl və əlilliyi olan şəxslərə qulluq edənlərə şamil edilir. Təkcə 200 çox sahə üzrə 4 mindən çox vəzifə və peşələr üzrə fəaliyyət göstərmiş şəxslərə yaşa görə beş il erkən pensiya təyin olunur. Son dövrlər edilmiş dəyişikliklərə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən şəxslərin siyahısına daha 65 peşə və vəzifə əlavə edilib. Bununla da erkən pensiya təyin olunan şəxslərin əhatə dairəsi genişlənib. Bu istiqamətdə də nazirlik tərəfindən mütəmadi olaraq təhlillər aparılır. Maliyyə təminatı real, məntiqli olan təkliflərə baxırıq və onları qiymətləndiririk".





















