Marketdə quldurluq: Bıçaqla satıcını hədələyən üç nəfər saxlanıldı
Paytaxtın Binəqədi rayonunda yerləşən marketlərin birində quldurluq hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, naməlum şəxslər gecə saatlarında orada çalışan satıcını kəsici-deşici alətlə hədələyərək tütün və kosmetik məhsulları talayıblar. Bu barədə zərərçəkən tərəf polisə məlumat verib. Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxslər - 40 yaşlı Elnur Qələndərov, 32 yaşlı Mühəmməd Rəhimov və 30 yaşlı Ağaxan Xankişiyev müəyyən olunaraq saxlanılıblar. Həmin şəxslərin marketə gəliş-gedişi, tütün və kosmetik məhsulları talaması təhlükəsizlik kameraları vasitəsilə də görüntülənib. Faktla bağlı araşdırmalar davam edir.





















