İcra başçısının sabiq xanım müavini həbsdə qaldı
Neftçalanın keçmiş icra başçısı ilə birgə məhkum edilmiş müavini Gültəkin Sadıqova vaxtından əvvəl azadlığa çıxmaq istəyir. Mediaxeberleri.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sadıqova cəzasının qalan 8 ayının şərti hesab edilməsini xahiş edib. Lakin həm birinci instansiya, həm də apellyasiya məhkəməsi onun müraciətini təmin etməyib. Hakimlər cəza növünün dəyişdirilməsi üçün yetərli əsas görməyiblər. Qeyd edək ki, xanım məhkum bu ilin yazında məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi üçün məhkəməyə müraciət etmişdi. Həmin vaxt da onun müraciətinə rədd qərarı verilmişdi. Xatırladaq ki, Neftçalanın eks-icra başçısı İsmayıl Vəliyev, Gültəkin Sadıqova və digər vəzifəli şəxslər korrupsiya ittihamı ilə cinayət məsuliyyətinə cəlb ediliblər. G.Sadıqova 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunub.