Kəlbəcərdə şəhid olan əsgərimiz sabah Qusarda dəfn ediləcək
Ermənistan silahlı qüvvələrinin snayper atəşi nəticəsində bu gün Kəlbəcərdə şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Vüsal Orucov Qusar rayonunun Suvacal kəndində doğulub. “Bizim.media”nın xəbərinə görə, 15 fevral 2005-ci il təvəllüdlü əsgər Vüsal Orucov hərbi xidmətə bu il aprel ayının 11-də yollanıbmış. Şəhid əsgər sabah Qusar rayonunun Suvacal kəndində dəfn ediləcək. Xatırladaq ki, bu gün günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açılıb. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, atəş nəticəsində hərbi qulluqçumuz Vüsal Xeybalı oğlu Orucov şəhid olub. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.