Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramına vəsait ayırıb - SƏRƏNCAM
Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramına (UN-Habitat) vəsait ayrılıb. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Qlobal urbanizasiyanın artdığı şəraitdə şəhərlərin dayanıqlı, inklüziv və təhlükəsiz inkişafını təmin etmək Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv dövlətlərin əsas hədəfinə çevrilmişdir. Ötən illərdə Azərbaycan bu sahədə BMT-nin aparıcı təsisatı olan Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlıq edərək, qeyd olunan hədəfin reallaşmasına mühüm dəstək göstərmişdir. Təsadüfi deyildir ki, işğaldan azad edilmiş ərazilərdə müasir şəhər quruculuğu və bərpa işləri BMT-nin “Dayanıqlı inkişaf məqsədləri” təşəbbüsünün prinsipləri əsasında həyata keçirilir. Gələcək inkişafın və rifahın əsas qüvvəsi olan şəhərlərin davamlı inkişafı naminə ölkələrin fəal əməkdaşlığı qlobal sülhə, təhlükəsizliyə və inkişafa mühüm töhfə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Dünyada dayanıqlı şəhərlərin inkişafı istiqamətində faydalı əməkdaşlığın genişlənməsinə, eləcə də bu çərçivədə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəstək göstərmək məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) 1,0 (bir) milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.