Kafe sahibi ağacları kəsdi: 11,7 min manat cərimə olundu
Nəsimi rayonu, Cavadxan küçəsi Şəki kafesinin ərazisində ağacların kəsilməsi ilə bağlı 11 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə daxil olan şikayət araşdırılıb. Mediaxeberleri.Az xəbər verir ki, idarənin rəisi Qafar Ağayev araşdırma zamanı ağacların kafedə təmir-tikinti işləri aparılan zaman kafenin sahibi Famil Səfərovun göstərişi ilə kəsildiyini bildirib. “Bununla təbiətə 11700 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktla bağlı 2 aprel 2025-ci il tarixində akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”, - İdarə rəisi vurğulayıb. Q.Ağayev qeyd edib ki, kəsilmiş ağacların əvəzinə ərazidə yeni yaşıllıqların salınması üçün Nəsimi rayon İcra Hakimiyyəti və Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət edilib.