Bakıda su xəttində baş vermiş qəzanın nəticələri aradan qaldırılır
Bakının Heydər Əliyev prospektinin “Koroğlu” metrostansiyası istiqamətində olan əsas yol üzrə hərəkət müvəqqəti məhdudlaşdırılaraq köməkçi yola yönləndirilib. Bu barədə “Report” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. Məlumata görə, hərəkətin məhdudlaşdırılmasına səbəb prospektin altından keçən su borusunda qəzanın baş verməsidir. Qəza baş verəndən dərhal sonra əraziyə Agentliyin və aidiyyəti qurumun əməkdaşları cəlb olunub. Agentlik tərəfindən ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb. Aidiyyəti qurum tərəfindən qəzanın aradan qaldırılması üçün prospektdə gecə saatlarında qazıntı işlərinə başlanılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Qəza aradan qaldırıldıqdan sonra qazılmış hissənin bərpası istiqamətində müvafiq işlər aparılacaq.