AzTV-nin əməkdaşı və aparıcı Həmid Əsədzadəyə ağır itki üz verib.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, H.Əsədzadənin 2 yaşlı qızı dünən Səbail rayonu ərazisində yerləşən uşaq bağçalarından birində ağır xəsarət alıb. O, xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.
Bildirilir ki, azyaşlı bağçada ehtiyatsızlıqdan yıxılıb və bu səbəbdən ağır xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
***
Məlumata görə, hadisə Səbail rayonu İzzət Nəbiyev küçəsində yerləşən "Candy kids” adlı özəl uşaq bağçasında qeydə alınıb.
TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ötən gün saat 18:00 radələrində özəl tibb müəssisəsinin qəbul şöbəsindən çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfində 2 yaşlı (qadın cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.
***
14:14
Bizim.media-nın məlumatına görə, hadisə “Candy kids” adlı özəl uşaq bağçasında baş verib.
Qeyd olunub ki, uşağın ürəyində hər hansı problemin olması ilə bağlı məlumatlar yalandır.
Bağçadakı kamera görüntülərindən isə məlum olub ki, uşaq qida qəbul edərkən yemək parçası onun nəfəs borusunda qalıb. Nəticədə, azyaşlı nəfəs ala bilməyib və həyatını itirib.
Əldə edilən digər məlumata görə isə, uşağın ölümündə bağça müəllimlərinin səhlənkarlığı da mühüm rol oynayıb.
Belə ki, onlar hadisə ilə bağlı təcili tibbi yardıma gec müraciət ediblər. Həkimlər hadisə yerinə gəldikləri zaman azyaşlının 1 saat öncə dünyasını dəyişdiyini müəyyən ediblər. Hətta uşağın həyatını itirməsi ilə bağlı xəbəri belə bağça rəhbərliyi deyil, valideynlərdən biri mərhumun ailəsinə çatdırıb.
Qeyd edək ki, faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən müvafiq ekspertizalar təyin olunub. Prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib.