Mediaxeberleri.az
    
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • 
  • Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
  • 
  • Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
  • 
  • Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
  • 
  • TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
    TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
  • 
  • PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
    PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
  • 
  • Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
    Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
  • 
  • Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
    Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
  • 
  • "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
    "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
  • 
  • Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
    Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
  • 
  • "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
    "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
  • 
  • Qarabağa qayıdışın tarixi: Zəfərdən suverenliyə uzanan altı il - Foto/Video
    Qarabağa qayıdışın tarixi: Zəfərdən suverenliyə uzanan altı il - Foto/Video

Son xəbərlər :
  • “SÜLHÜ POZMAQ VƏ MÜHARİBƏNİ YENİDƏN BAŞLATMAQ İSTƏYİRLƏR...” – “Üçüncü Ermənistana qayıtmağa çalışırlar”
  • BANK KARTLARINDAN PULLARIMIZ BELƏ OĞURLANIR... – Dələduzların yeni ÜSULLARI
  • Xəstə çağırışçıları ORDUYA KİM YIĞIR? - DİQQƏT: SOS!
  • İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında
  • "Milan" və "Beşiktaş"dan qələbə
  • AzTU-da ağciyər xərçənginin aşkarlanmasında süni intellekt layihəsi təqdim olunub - FOTOLAR
  • Kəlağayı - Natəvan Dəmirçioğlunun hekayəsi
  • Simonyan dekabrda Azərbaycana səfər edəcək: Hansı məsələlər müzakirə olunacaq?
  • İcra başçısı rayonda aparılan abadlıq işlərinə yerində baxış keçirib
  • Tərtər "Gənclər paytaxtı", Masallı isə "İdman paytaxtı" seçildi - Foto
  • Qazaxda evdə partlayış: Ağır yanıq xəsarətləri alan şəxs Bakıya gətirildi - Foto/Video
  • Qaz olmayacaq
  • Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir
  • Babasının 1500 manatını oğurladı, həbs olundu
  • "Agac.az" mobil tətbiqi istifadəyə verildi
  • “Qubadlı” diviziyasına Döyüş Bayrağı təqdim edildi - Video
  • Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı
  • Azərbaycanda "Temu" bağlanır? - AÇIQLAMA
  • Heyvanlara verilən suyun temperaturu 30 dərəcəyədək isidilməlidir - Yeni tələb
  • Dərsliklərdə səhvlərin səbəbləri açıqlandı
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

“SÜLHÜ POZMAQ VƏ MÜHARİBƏNİ YENİDƏN BAŞLATMAQ İSTƏYİRLƏR...” – “Üçüncü Ermənistana qayıtmağa çalışırlar”

  • Tarix: Bu gün, 09:42

Səməd Seyidov: “Paşinyan fürsətdən istifadə etməyin vacibliyini anlayır, revanşistlər isə buna mane olmaq istəyirlər”

“Məsuliyyət dünyada qızıl dəyərinə çevrilib”

Ermənistanın yeni Konstitusiya layihəsi, Paşinyan hakimiyyətinin sülh gündəliyi, müxalifətin Bakıya qarşı ittihamları, TRIPP layihəsi ətrafında yaranan mübahisələr və İranın narahatlığı... Son dövrlər Cənubi Qafqazda baş verən proseslər regionun gələcək siyasi və iqtisadi mənzərəsini müəyyənləşdirən əsas məsələlərə çevrilib. Eyni zamanda Azərbaycanın Avropa ölkələri ilə intensivləşən təmasları, strateji tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi, beynəlxalq təşkilatlarda artan fəallığı və yeni nəqliyyat-kommunikasiya layihələrindəki rolu ölkəmizin xarici siyasətində yeni mərhələnin başladığını göstərir.

Səməd Seyidovla söhbətimizdə bu məsələləri, Ermənistanın yeni Konstitusiyasının regionda sülh prosesinə mümkün təsirlərini, Paşinyanın siyasətinin nə dərəcədə dəyişdiyini, İranın TRIPP layihəsinə neqativ münasibətinin səbəblərini və Azərbaycanın beynəlxalq mövqelərini müzakirə etdik.

“AzPolitika” Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun müsahibəsini təqdim edir.

– Səməd müəllim, ilk olaraq Ermənistanın yeni Konstitusiya layihəsi ilə bağlı fikirlərinizi öyrənmək istərdik. Bu prosesin gedişatı nə vəd edir? Azərbaycanın gözləntiləri özünü doğruldurmu?

– Əslində, bu məsələ ətrafında nə qədər az danışsaq, bir o qədər məqsədəuyğundur. Çünki bu, Ermənistanın öz seçimi olmalıdır. Azərbaycan nə bu prosesə təsir göstərmək iqtidarındadır, nə də belə bir niyyəti var. Xarici işlər naziri də bu yaxınlarda ən yüksək səviyyədə bildirdi ki, bu, müsbət məsələdir, Ermənistanın daxili işidir və biz həmin prosesə müdaxilə etmək fikrində olmamışıq, bundan sonra da belə bir niyyətimiz yoxdur.Bunu ona görə deyirəm ki, məsələnin iki tərəfi var. Birincisi, regionda sülhün əldə olunması üçün istədiyimiz şəraitin yaradılmasıdır. Təbii ki, burada söhbət yalnız Ermənistandan getmir. Heç bir dövlət başqa bir dövlətin ərazi bütövlüyünə hər hansı formada iddia etməməlidir. Heç bir ölkənin əsas qanununda başqa dövlətin ərazisinə iddialar yer almamalıdır. Bunlar normal beynəlxalq münasibətlərin qurulması üçün fundamental prinsiplərdir. Bu, Ermənistana da, digər dövlətlərə də aiddir.

Azərbaycan müstəqil və suveren dövlətdir. Biz müstəqilliyimizi əldə etdikdən sonra suverenliyimizi bütün ərazimizdə tam təmin etmişik və öz torpaqlarımızı bütövlükdə nəzarətə götürmüşük. Bu, sübuta ehtiyacı olmayan aksiomadır.Ermənistan da müstəqil dövlət kimi regionda özünü təsdiq etmək istəyirsə, başqa dövlətlərin ərazilərinə iddia etməməlidir. Çünki bu məsələ birbaşa normal dövlətlərarası münasibətlərin qurulması ilə bağlıdır. Ölkələr bir-biri ilə normal əlaqələr yaratmaq, bir-birini tanımaq, diplomatik münasibətlər qurmaq və əməkdaşlıq etmək istəyirlərsə, qarşılıqlı şəkildə ərazi bütövlüyünə və suverenliyə hörmət etməlidirlər. Bu baxımdan, biz Ermənistanı bir kənara qoyaraq, ümumi prinsipdən danışırıq. Paşinyanın öz ifadəsi ilə desək, Ermənistanın üçüncü respublikasının qəbul etdiyi və hazırda istifadə olunan Konstitusiyanı qəbul edə bilmərik. Çünki onun preambulasında Azərbaycan torpaqlarına birbaşa iddialar var. Üstəlik, bu iddialar yalnız Azərbaycana qarşı deyil, Türkiyə və Gürcüstana münasibətdə də müəyyən ərazi iddialarını ehtiva edir. Deməli, məsələ təkcə Azərbaycanla məhdudlaşmır.

- Yeni Konstitusiyanın mətni ilə tanışsıznızmı?

- Bəli, Yeni Konstitusiyanın mətnini diqqətlə oxumuşam. Artıq tərcümə olunub və mən onun bütün müddəaları ilə tanış olmuşam. Görürük ki, əvvəlki Konstitusiyada problem hesab etdiyimiz həmin məqamlar yeni layihədə öz əksini tapmayıb. Bu, müsbət prosesdir. Biz də bunu dəstəkləyirik. Hesab edirik ki, Ermənistan öz dövlətçiliyini qurmaq, gələcəkdə qonşu ölkələrlə, xüsusilə Azərbaycan və Türkiyə ilə normal münasibətlər yaratmaq, diplomatik əlaqələr qurmaq və bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək istəyirsə, belə bir Konstitusiyanın qəbul edilməsi məqsədəuyğundur.

Bunun hansı formada, necə həyata keçiriləcəyi barədə çox danışmaq olar. Siz də bilirsiniz ki, Paşinyanın hansı bəyanatları və vədləri var, referendumun keçirilməsi üçün nə qədər səs çatmır və Konstitusiya qəbul olunsa, yaxud olunmasa, hansı nəticələr yarana bilər. Məncə, bunları yenidən təkrarlamağa ehtiyac yoxdur.

- Ermənistan müxalifəti isə demək olar ki, bütün siyasi spektri birləşdirərək bu layihəni “Əliyev Konstitusiyası” adlandırır. İddia edirlər ki, sənəd Bakının diktəsi ilə hazırlanıb və buna görə qəbul edilməməlidir. Hətta Paşinyanın təkliflərini də rədd edirlər. Bu cür ittihamlar prosesə nə dərəcədə təsir göstərə bilər?

– Bunlar tamamilə əsassız iddialardır. Revanşist qüvvələr bu fikirləri ona görə irəli sürürlər ki, həmin insanlar, onların arxasında dayanan təşkilatlar və dövlətlər Ermənistanın müstəqil, suveren, regionda normal qonşularla münasibətlər qurmaq istəyən dövlət kimi formalaşmasını arzulamırlar. Məsələnin mənbəyi budur. Onlar bu sənədi müxtəlif adlarla təqdim edə, bizi də ittiham edə bilərlər. Amma əslində, Azərbaycanın həmin Konstitusiya ilə heç bir əlaqəsi yoxdur. Biz öz işimizi görmüşük, mövqeyimizi açıq şəkildə bəyan etmişik və Ermənistanda gedən prosesləri sadəcə müşahidə edirik.

Hətta onu da deyə bilərəm ki, Azərbaycan Ermənistanla hələ sülh müqaviləsi imzalamasa da, diplomatik münasibətlər qurmasa da, sülhün əldə olunması və münasibətlərin düzgün istiqamətdə inkişafı üçün öz tərəfindən birtərəfli addımlar atıb. Biz Ermənistanın daxilində gedən proseslərə müdaxilə etmək fikrində olmamışıq. Vətəndaş cəmiyyətləri arasında münasibətləri dəstəkləyirik, parlament sədrləri səviyyəsində görüşlərin şahidi olmuşuq, TRIPP layihəsini yüksək qiymətləndiririk. Ancaq Ermənistanın hansı qanunları qəbul edəcəyi, hansı istiqamətdə inkişaf edəcəyi onun daxili işidir. Paşinyan çıxışlarından birində mənim şəxsən çox bəyəndiyim, mühüm bir ifadə işlətdi. Dedi ki, əgər bu Konstitusiya qəbul olunarsa, Ermənistan dördüncü respublikanı yaratmış olacaq. Yəni indiyədək mövcud olan üçüncü respublikanın yerinə yeni Ermənistan – dördüncü respublika formalaşacaq. Paşinyan üçüncü respublikanı müharibə respublikası kimi xarakterizə edir.

– Yeni Konstitusiyada xarici siyasətin əsas məqsədlərindən biri kimi sülhün də təsbit edilməsi nəzərdə tutulur. Bu, Ermənistanın əvvəlki dövlətçilik modelindən imtina etməsi kimi qiymətləndirilə bilərmi?

– Məsələ yalnız sülhün Konstitusiyaya yazılmasından ibarət deyil. Yeni layihədə diqqətçəkən çoxlu unikal məqamlar var. Ancaq əsas məsələ Ermənistanın əvvəlki respublikasının hansı məqsədlə və hansı prinsiplər əsasında yaradıldığını araşdırmaqdır. Hər bir respublika özünün əsas qanunu, yəni Konstitusiyası əsasında formalaşır. Deməli, əvvəlki Konstitusiya əsasında qurulan Ermənistanın dövlətçilik modelinin mahiyyətinə də diqqət yetirmək lazımdır. Paşinyan faktiki olaraq açıq şəkildə etiraf edir ki, indiyədək mövcud olan üçüncü respublika müharibə üçün istifadə edilən bir alət olub. Bu, çox mühüm məqamdır. Əgər siz əvvəlki dövlətçilik modelinə belə qiymət verirsinizsə, deməli, yeni Konstitusiyanı qəbul etməlisiniz. Bu halda yeni Konstitusiyaya qarşı çıxanlar üçüncü respublikanın tərəfdarları, müharibəni istəyən qüvvələrin nümayəndələri kimi çıxış edirlər. Onlar Ermənistanın normal dövlət olmasını deyil, forpost kimi qalmasını, regionda sabitliyi pozan amilə çevrilməsini istəyirlər.

Əslində, məsələ bununla aydınlaşır. Ermənistan tarixən normal dövlətçilik modelinə sahib olmayıbsa, indi onun qarşısında yeni və unikal şans yaranıb. Bəli, bu şans ona görə yaranıb ki, Azərbaycan beynəlxalq hüququ regiona qaytarıb. Söhbət yalnız torpaqlarımızın işğaldan azad edilməsindən getmir. Təkcə Azərbaycanın suverenliyini tam bərpa etməsindən və öz ərazilərinə nəzarəti təmin etməsindən də danışmırıq. Bəlkə də təəccüblənəcəksiniz, amma məsələ təkcə bizim qalib gəlməyimizdən ibarət deyil. Əlbəttə, bu prosesin əsasında Azərbaycanın qələbəsi dayanır. Ancaq ən vacib məqam ondan ibarətdir ki, bizim qələbəmiz beynəlxalq hüququn və ədalətin bərpası ilə eyniləşdi.

Azərbaycanın qələbəsi ədalətli qələbədir. Əgər biz ədalətsiz şəkildə qalib gəlsəydik, beynəlxalq hüququ pozaraq qələbə əldə etsəydik, bugünkü proseslər baş verməzdi. Bu halda beynəlxalq ictimaiyyət də baş verənləri indiki kimi qəbul etməzdi. Məhz buna görə Azərbaycanın qələbəsi dünya tərəfindən yüksək səviyyədə qəbul olunur, fenomenal nəticələr yaradır və Ermənistanın daxilində dəyişikliklərə səbəb olur. Bizim qələbəmiz ədalətin bərpasına, beynəlxalq hüququn yenidən işləməsinə şərait yaratdı. Ermənistanın dəyişməyə, dördüncü respublikanı yaratmağa yönəlməsi də bu reallıqla bağlıdır.

Burada Azərbaycanın müdaxiləsindən söhbət gedə bilməz. Revanşist qüvvələr Azərbaycanın Ermənistana müdaxilə etmək istədiyini iddia edirlərsə, böyük səhvə yol verirlər. Biz müdaxilə etmək istəsəydik, dayanmazdıq. Prezident dəfələrlə bildirib ki, Azərbaycan qısa müddət ərzində İrəvana qədər gedə bilər. Amma belə bir addım atılsaydı, biz qələbə qazansaq da, beynəlxalq hüququ pozmuş olardıq. Beynəlxalq ictimaiyyət də bunu düzgün qəbul etməzdi. Prezidentin, Ali Baş Komandanın böyüklüyü də ondadır ki, o, Azərbaycanın qələbəsini ədalətin və beynəlxalq hüququn bərpası ilə birləşdirdi. Bu gün regionda baş verən proseslərin əsas səbəblərindən biri məhz budur.

– Səməd müəllim, bununla belə, Azərbaycanda Paşinyanın yeni Konstitusiya təşəbbüsünə və ümumilikdə sülh gündəliyinə ehtiyatla yanaşanlar da var. Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov da belə bir fikir səsləndirib ki, Paşinyanın əsas məqsədi Azərbaycanla sülh prosesini inkişaf etdirmək deyil, vaxt qazanmaqdır. Onun 2031-ci ilə qədər sülh müqaviləsi imzalamaq niyyətini açıqlaması da xatırladılır. Üstəlik, Paşinyan referendum üçün parlamentdə lazımi səs çoxluğunu əldə edə bilməyəcəyini bilir. Siz bu yanaşma ilə razısınızmı?

– Mən bu məsələyə bir qədər fərqli baxıram, Elçin müəllim. Azərbaycan Prezidenti xalqımızın iradəsini tam şəkildə ifadə edərək, onu birləşdirdi və ədalətsizlik qarşısında faktiki aciz vəziyyətdə qalmış bir dövlətin ədaləti bərpa etməsi üçün qarşısına məqsəd qoydu. Bu məqsəd Azərbaycanın ən çətin dövrlərində də dəyişməyib. Məsələn, ulu öndər Heydər Əliyev hakimiyyətə gələndə Azərbaycan faktiki olaraq parçalanmış vəziyyətdə idi. Əgər ulu öndər hakimiyyətə gəlməsəydi, atəşkəsə nail olmasaydı, “Əsrin müqaviləsi” imzalanmasaydı, iqtisadiyyatımız, ordumuz və dövlətimiz dirçəldilməsəydi, bugünkü qələbə də mümkün olmazdı. Biz həmin günlərdən başlayaraq, Şuşada və Xankəndidə bayrağımızın ucaldılmasına qədər eyni məqsədə xidmət edən siyasət aparmışıq.

Ulu öndərin, daha sonra Prezident İlham Əliyevin siyasəti məqsədyönlü siyasət olub. Mən bu məqamın üzərində xüsusi dayanmaq istəyirəm. Vəziyyətdən, siyasi konyunkturadan, təzyiqlərdən və provokasiyalardan asılı olmayaraq, bizim bir məqsədimiz olub. Azərbaycan xalqı Prezidentin rəhbərliyi altında həmin istiqamətdə hərəkət edib və qələbə qazanıb. Bu gün də həmin istiqamətdə irəliləyirik. Ermənistanın siyasəti isə manevr siyasətidir. Görürsünüz, bu da siyasətdir, bizim apardığımız siyasət də. Amma onların mahiyyəti tamamilə fərqlidir.

Yaddan çıxarmamalıyıq ki, Ermənistanın indiki baş naziri vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını vermişdi. Həmin mövqeyində israr edir, Azərbaycanla müharibə aparırdı. Prezident İlham Əliyev də YAP-ın qurultayında təsadüfən deməmişdi ki, bizə arxadan yenidən bıçaq vura bilərlər. Həmin dövrdə siyasi konyunktura belə idi və Paşinyan mövcud vəziyyətdən istifadə edərək nələrəsə nail olmaq istəyirdi. Azərbaycan qələbə qazandıqdan, beynəlxalq hüququ bərpa etdikdən sonra regiondakı vəziyyət tamamilə dəyişdi. Azərbaycan öz məqsədlərinə nail oldu, amma siyasətini, mövqeyini və istiqamətini dəyişmədi. Ermənistan isə dəyişən konyunkturadan istifadə edərək tamamilə başqa məsələləri gündəmə gətirdi. Paşinyanın özünün “Qarabağ Azərbaycandır” bəyanatı da buna nümunədir. O, hətta etiraf etmişdi ki, əgər bunu daha əvvəl elan etsəydi, Ermənistan bu problemlərlə üzləşməzdi. Beləliklə, əvvəlki mövqeyindən imtina etdi.

Daha sonra Avropa ilə inteqrasiya məsələləri gündəmə gəldi, Rusiya ilə problemlər yarandı, yeni seçkilər, yeni siyasi şüarlar ortaya çıxdı. İndi isə referendumun nəticəsindən asılı olaraq hakimiyyətdə qalmaq və ya getmək barədə danışılır. Bunların hamısı mövcud şəraitdən, siyasi konyunkturadan və yaranmış imkanlardan istifadə etməyə əsaslanan siyasətin göstəriciləridir. Paşinyanın siyasətinin xüsusiyyəti bizim siyasətimizdən tamamilə fərqlidir. O, öz siyasətinin əsasına başqa dəyərləri qoyur. Bu gün onun üçün ən vacib məsələ Ermənistan dövlətçiliyinin qurulmasıdır. Niyə? Çünki regionda beynəlxalq hüquq işləməyə başlayıb, ədalət bərpa olunub və belə bir şəraitdə normal dövlətçilik modeli yaratmaq sərfəli olub. Mən məhz “sərfəli” sözünü işlədirəm.

Ancaq Paşinyanın siyasətinə qarşı çıxan qüvvələr də başa düşürlər ki, əgər o, konyunkturadan asılı olaraq siyasət aparırsa, vəziyyət dəyişən kimi onun siyasəti də dəyişə bilər. Ona görə də onlar mövcud vəziyyəti dəyişdirmək uğrunda mübarizə aparırlar. Əlbəttə, bunu etmək asan deyil. Çünki artıq Azərbaycan kimi mühüm faktor mövcuddur. Əvvəllər belə bir faktor yox idi. Azərbaycanın fenomenal qələbəsi dünyada böyük effekt yaradıb. Biz buna Azərbaycanın yaratdığı yeni reallıq deyirik. Artıq bu reallığı nəzərə almamaq mümkün deyil. Özü də söhbət yalnız Azərbaycandan getmir. Bu yaxınlarda Almaniyanın xarici işlər naziri Azərbaycana gəldi və Ermənistan Konstitusiyasının dəyişdirilməsinin vacibliyini bildirdi. Bu, bizim bəyanatımız deyil. Mən əminəm ki, bir qədər sonra Fransadan da oxşar mövqe səslənəcək. Avropa İttifaqının aparıcı nümayəndələrinin yeni Konstitusiya layihəsinə müsbət münasibət bildirməsinə də təəccüblənmərəm. Çünki həmin sənədi oxumuşam və görürəm ki, avropalıların vacib hesab etdiyi məqamların hamısı orada əks olunub. Hətta bəziləri artıqlaması ilə nəzərə alınıb. Belə olan halda, əgər Avropa nümayəndələri bu Konstitusiyaya müsbət rəy verəcəklərsə, onu niyə “Əliyev Konstitusiyası” adlandırırlar? Onda bunu Avropa Konstitusiyası, yaxud Ermənistan Konstitusiyası adlandırsınlar. Bu baxımdan, sənədi “Əliyev Konstitusiyası” adlandıranlar provokasiya ilə məşğuldurlar. Onlar reallığı qəbul etmək, Ermənistanın dövlətçiliyinin formalaşmasına imkan vermək istəmirlər. Üçüncü Ermənistana qayıtmağa çalışırlar. Bununla da regionda sülhü pozmaq və müharibəni yenidən başlatmaq istəyirlər.

– TRIPP layihəsinin həyata keçirilməsi istiqamətində addımlar atılır. Amma ilk ciddi etirazlardan biri İrandan gəldi. İran rəsmiləri bu layihəyə imkan verməyəcəklərini, Ermənistanın verdiyi təminatların onları qane etmədiyini bildirirlər. İranın müxtəlif dövlət qurumlarından da sərt bəyanatlar səslənir. Mövcud geosiyasi vəziyyəti nəzərə alsaq, bu, regionun təhlükəsizliyi üçün müəyyən təhdidlər yarada bilər. Sizcə, Zəngəzur dəhlizi -TRIPP layihəsi ətrafında gərginlik hansı istiqamətdə inkişaf edəcək?

– Bu suala cavab vermək üçün ilk növbədə İranda vəziyyətin hansı mərhələdə olduğunu başa düşmək lazımdır. ABŞ-la İran arasında faktiki müharibə, qərarların qəbul edilməsi və xarici siyasətin həyata keçirilməsi mexanizmlərini ciddi şəkildə dəyişib. Əvvəllər İranın hansısa bəyanatını mərkəzləşdirilmiş dövlət mövqeyi kimi qiymətləndirmək mümkün idisə, indi vəziyyət fərqlidir. Hakimiyyət daxilində, güc mərkəzlərində və müxtəlif siyasi qruplar arasında ciddi parçalanma mövcuddur. Fikirlər, maraqlar və regiona baxışlar bir-birindən fərqlənir. Ona görə də indi İranın mövqeyini ayrı-ayrı bəyanatlar əsasında bütövlükdə qiymətləndirmək düzgün olmazdı.

Azərbaycan-İran münasibətləri bizim qəbul etdiyimiz beynəlxalq prinsiplər və mehriban qonşuluq siyasəti əsasında qurulur. Biz həmişə bu mövqedə olmuşuq. Heç vaxt imkan verməmişik ki, Azərbaycan hansısa qüvvə tərəfindən qonşu dövlətlərə qarşı istifadə olunsun. Bu, nə əvvəllər olub, nə də bundan sonra olacaq. Amma bəzən İranın daxilindən Azərbaycana qarşı müxtəlif iddialar və bəyanatlar səsləndiyini görürük. Bir müddət əvvəl İranın Ermənistandakı səfiri Göy məscidlə bağlı provokativ məsələni gündəmə gətirmişdi. Bundan əvvəl də İranda oxşar fikirlər səsləndirilmişdi. Bütün bunları təhlil edərkən vəziyyətə daha geniş baxmalıyıq. Bu, bizə həm gələcək prosesləri proqnozlaşdırmağa, həm də ümidli olmağa imkan verir. TRIPP layihəsi heç kimə qarşı yönəlməyib. Bu layihə regionun tamamilə fərqli simasını dünyaya təqdim edəcək. Artıq dünyanın ən maraqlı layihələrindən birinə çevrilir. Niyə? Çünki söhbət yalnız Orta Dəhlizdən getmir. Orta Dəhliz özü-özlüyündə Azərbaycan, Ermənistan, Türkiyə, Mərkəzi Asiya, Çin və ABŞ üçün çox mühüm, tarixi layihədir. Amma məsələnin daha geniş tərəfi də var.

- Söhbət nədən gedir?

- Bəlkə də sizə qəribə gələcək, söhbət məsuliyyətdən gedir. Dünyada vəziyyət elə dəyişib ki, iqtisadi əlaqələri dəniz yolları vasitəsilə qurmaq getdikcə daha riskli olur. Bunun bir çox səbəbi var. Səbəblərdən biri müasir texnologiyaların neytral sularda, yəni heç bir dövlətə aid olmayan ərazilərdə müxtəlif hücumlar və təxribatlar həyata keçirməyə imkan verməsidir. Üstəlik, bu hadisələrə görə məsuliyyəti kimin daşıdığını müəyyənləşdirmək çox çətin olur. Yaxınlarda Hörmüz boğazı ətrafında bir neçə gəminin partladılması buna nümunədir. İran deyir ki, bunu mən etməmişəm, Amerika da özünün iştirakını inkar edir, digər qonşu dövlətlər də məsuliyyəti üzərlərinə götürmürlər. Amma gəmilər partlayır. Kim edib, nə edib, məsuliyyət kimdədir – bunlar aydın deyil. Nəticədə ümumi vəziyyət daha da gərginləşir və təhlükəsizlik məsələsi dünya gündəminin əsas problemlərindən birinə çevrilir. Belə bir şəraitdə dəniz yolu ilə iqtisadi əlaqələr qurmaqdansa, quru yolları ilə əlaqələri inkişaf etdirmək daha məsuliyyətli yanaşmadır. Çünki yük hansısa dövlətin ərazisindən keçirsə, həmin dövlət bu prosesə birbaşa cavabdehlik daşıyır. Hər hansı hadisə baş verərsə, məsuliyyət həmin dövlətin üzərinə düşür.

Bu gün məsuliyyətsizliyin hökm sürdüyü dünyada məsuliyyət qızıl kimi qiymətləndirilməyə başlayıb. Azərbaycan isə öz siyasətində həmişə məsuliyyətli olub. İndi bu məsuliyyət beynəlxalq münasibətlərdə real üstünlüyə çevrilir. Bu gün dünyada məsuliyyət qızıl dəyərindədir. Azərbaycanın siyasətinə, Prezidentin gördüyü işlərə, beynəlxalq hüquqa hörmətlə yanaşmasına və regionda yeni reallıq yaratmasına görə ölkəmiz dünyada xüsusi mövqeyə sahib olub. Biz yeni reallıq deyəndə məhz bunu nəzərdə tuturuq. Məsuliyyətsizliyin artdığı dünyada məsuliyyət bu regionun ən mühüm üstünlüklərindən birinə çevrilib. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə baş verənlər, ABŞ və Avropada yaşanan proseslər – bütün bunlar məsuliyyət məsələsini ön plana çıxarır. Artıq bəzən kimin nəyə cavabdeh olduğunu, hansı bəyanatın arxasında hansı real öhdəliyin dayandığını müəyyən etmək çətinləşib. Prezident İlham Əliyevin “Mənim sözüm imzam qədər məsuliyyətlidir və möhkəmdir” fikrini xatırlayın. Bu, məhz məsuliyyət məsələsidir. Ona görə TRIPP layihəsi dünya üçün yeni alternativə çevrilib. Paşinyan da çox yaxşı başa düşür ki, bu fürsətdən istifadə etmək lazımdır. Çünki bu, artıq yalnız regionun deyil, dünyanın trendidir. TRIPP layihəsi ratifikasiyadan keçib, ölkə rəhbəri tərəfindən imzalanıb. Gözləyirik ki, yanvar ayında texnikalar işə başlayacaq. Hələlik müəyyən hazırlıq və cəhdlər var, amma real işlərin yanvardan başlanması gözlənilir. Sevindirici məqam odur ki, artıq bu layihənin Ermənistan ərazisindən keçməsinə baxmayaraq, onun Azərbaycandan başlayıb Azərbaycanda başa çatacağı və Azərbaycanın da bu prosesdə iştirak etməli olduğu anlayışı formalaşır. Azərbaycan öz missiyasını yerinə yetirir.



– Səməd müəllim, noyabr ayı Azərbaycanın xarici siyasətində Avropa ilə təmasların intensivliyi baxımından xüsusilə diqqətçəkən oldu. Prezident İlham Əliyev Dublində Avropa Siyasi Birliyinin sammitində iştirak etdi, Böyük Britaniya ilə strateji tərəfdaşlıq memorandumu imzalandı. Eyni zamanda, Avropanın müxtəlif ölkələrinin xarici işlər nazirləri və digər yüksək səviyyəli nümayəndələri Bakıya səfərlər edirlər. Bu diplomatik fəallığın arxasında hansı maraqlar dayanır? Yaxın perspektivdə Azərbaycan-Avropa münasibətlərində hansı yenilikləri gözləmək olar?

– Bütün bunlar Azərbaycan-Avropa münasibətlərinin inkişaf etdiyini göstərir. Azərbaycan öz siyasəti ilə addım-addım Avropaya nə dərəcədə etibarlı tərəfdaş olduğunu sübut edib. Bu gün Avropada baş verən proseslər çox mürəkkəbdir. Qitə ciddi böhranla üz-üzədir və müəyyən mənada artıq həmin böhranın içərisindədir. Avropada yeni seçki kampaniyaları başlayır. Proses artıq gedir, amma qarşıdakı dövrdə seçki marafonu daha da sürətlənəcək. Burada ciddi təhlükələr var. Ultra-sağ və ultra-sol qüvvələrin güclənməsi Avropa tarixində həmişə ciddi problemlərə səbəb olub. Hazırda cəmiyyətdə qütbləşmə artır və bu, yaxşı hal deyil. Çünki qütbləşmə konsensusun əldə olunmasını çətinləşdirir. Avropanın ən böyük dəyəri həmişə konsensus, ortaq məxrəcə gəlmək və dialoq yolu ilə inkişaf etmək olub. İndi isə bu dəyərlər müəyyən mənada arxa plana keçir. Ultra-sağ və ultra-sol qüvvələr bir-birinə qarşı sərt mövqelər tutur. Cəmiyyətin hansı istiqamətdə inkişaf edəcəyi, bunun hansı nəticələrə gətirib çıxaracağı heç kimə tam aydın deyil. Belə vəziyyətdə düşünən beyinlər, təşkilatlar və dövlətlər sabit, etibarlı, proqnozlaşdırıla bilən tərəfdaş axtarırlar. Yenə də əvvəlki fikrimə qayıdıram: məsuliyyət daşıya bilən tərəfdaş axtarırlar. Onlar indiyədək əməkdaşlıq etdikləri bəzi tərəfdaşların məsuliyyətsiz davrandığını, yaxud iqtisadi maraqları siyasi məqsədlər üçün istifadə etdiyini görüblər. Azərbaycan isə heç vaxt belə siyasət aparmayıb. Prezident dəfələrlə bildirib ki, biz iqtisadi əlaqələrimizdən siyasi dividend əldə etmək, siyasi üstünlük qazanmaq üçün istifadə etməmişik. Sadəcə qarşılıqlı maraqları təmin etmək məqsədilə siyasət yürütmüşük.

Bu yanaşma artıq öz bəhrəsini verir. Son bir neçə həftə ərzində İtaliya, Litva, Almaniya və digər Avropa ölkələrindən nümayəndələrin Azərbaycana səfərləri bunu göstərir. Baltik ölkələri də bu prosesdə fəaldır. Estoniyanın xarici işlər naziri Bakıya gəlib və bu ölkənin Azərbaycanda səfirliyinin açılır. Bütün bunlar Azərbaycanın həyata keçirdiyi siyasətin Avropada qəbul olunduğunun göstəricisidir. Avropanın inkişafı tarixən xarici əlaqələrin qurulması ilə bağlı olub. Avropa yalnız öz resursları hesabına zənginləşməyib. O, dünyanın müxtəlif bölgələri ilə əlaqələr qurub, ticarəti inkişaf etdirib, yeni bazarlara çıxıb. Amerikanın kəşfi, Avstraliya, Çin və Afrika ilə əlaqələr Avropanın inkişaf tarixində mühüm rol oynayıb.

Əlaqələr Avropa fəlsəfəsinin əsas tərkib hissəsidir.Bu gün isə geosiyasi vəziyyətə görə Avropa nə şimaldan, nə də cənubdan əvvəlki kimi rahat əlaqələr qura bilir. Belə bir şəraitdə qarşıda Azərbaycan vasitəsilə keçən mühüm marşrutlar qalır. Azərbaycan Mərkəzi Asiya, Çin, Yaponiya, Vyetnam, Koreya və Uzaq Şərqin digər ölkələri ilə əlaqələr üçün mühüm imkanlar yaradır. Prezidentin Vyetnama son səfəri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Biz tez-tez deyirik ki, Azərbaycan körpüdür, keçiddir. Amma mən hesab edirəm ki, Azərbaycan siyasətinin böyüklüyü ondan ibarətdir ki, biz artıq körpü anlayışını da daha geniş məzmunda təqdim edirik. Azərbaycanın coğrafiyasını onun dəyərinə, siyasi fəlsəfəsinə çeviririk. Bu, eyni zamanda Prezidentin azərbaycançılıq fəlsəfəsinin tərkib hissəsidir. Azərbaycançılıq yalnız Azərbaycan xalqının milli dəyərləri, adət-ənənələri, tarixi, dili və dini ilə məhdudlaşmır. Bu fəlsəfəyə Azərbaycanın coğrafiyası, həmin coğrafiyada yaşayan xalqların bir-biri ilə əlaqələri, eləcə də başqa xalqların bu coğrafiyadan istifadə edərək öz milli maraqlarını təmin etməsi və qarşılıqlı zənginləşməsi də daxildir. Bütün bunlar vahid bir sistem təşkil edir. Biz buna azərbaycançılıq deyirik. Bu, həqiqətən də unikal yanaşmadır. Bunu başqa ölkələrlə müqayisə etmək çətindir. Amma müəyyən mənada Yaponiya ilə müqayisə aparmaq olar. Düzdür, bu müqayisə tam uyğun deyil, sadəcə bir nümunə kimi qeyd edirəm.

Yaponiya tarixən özünəməxsus fəlsəfəsi, adət-ənənələri və milli dəyərləri ilə yaşayan dövlət olub. İkinci Dünya müharibəsindən sonra isə vəziyyət dəyişdi. ABŞ-ın qələbəsindən və qloballaşma prosesinin sürətlənməsindən sonra Yaponiyada milli adət-ənənələrin qlobal təsirlər nəticəsində itirilməsi təhlükəsi yarandı. Bundan sonra yapon ziyalıları və filosofları belə bir nəticəyə gəldilər ki, yerli, milli dəyərləri qlobal səviyyəyə yüksəltmək lazımdır ki, qloballaşma həmin dəyərləri məhv etməsin. Bu yanaşmanı “qlokallaşma” adlandırdılar. Yəni qlobal və lokal anlayışlarının birləşməsi.Məqsəd qloballaşma prosesində yerli dəyərləri qoruyub saxlamaq və onları dünya miqyasında tanıtmaq idi.

Mən hesab edirəm ki, bunun elementləri Azərbaycanda da mövcuddur. Biz öz fəlsəfəmizi, mövqeyimizi və yaratdığımız yeni reallığı dünya dəyərlərinə çevirdik. Beynəlxalq hüququ bərpa etməklə, qələbə qazanmaqla, xalqlar arasında münasibətləri inkişaf etdirməklə, dinə sivil və dünyəvi yanaşma nümayiş etdirməklə, din-dövlət münasibətlərində düzgün model təqdim etməklə bunu bacardıq. Qadınların və qızların cəmiyyətdə rolunu qabartmaq, Azərbaycan musiqisini, muğamını, adət-ənənələrimizi dünyaya təqdim etmək də bu prosesin tərkib hissəsidir.Beləliklə, bizim yerli dəyərlərimiz qlobal səviyyəyə yüksəldi.

– Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsi Azərbaycanın prioritetləri sırasındadır. Eyni zamanda, Azərbaycanın ATƏT-ə sədrlik etmək niyyəti barədə də məlumatlar var. Bu istiqamətlərdə hansı irəliləyişlər gözlənilir? Avropa ölkələrinin son səfərləri bu məsələlərlə əlaqəlidirmi?

– Azərbaycanın beynəlxalq təşkilatlardakı rolu getdikcə artacaq. Əslində, artıq artır.BuyaxınlardaAQEM-inzirvə görüşü buradakeçirildi. HəttatəşkilatınnümayəndələriAzərbaycandanxahiş etdilərki, sədrlikmüddətimizdahaikiiluzadılsın. Dünən Azərbaycan parlamentində də tarixi hadisə baş verdi. Biz burada ikinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunu keçirdik və yaradılmış Azərbaycan-Özbəkistan parlamentlərarası komissiyasının ilk iclasını təşkil etdik. Həmin iclasda çıxış edən həmkarlarımız qeyd etdilər ki, Azərbaycan parlamentinin Qoşulmama Hərəkatı çərçivəsində dünyanın müxtəlif ölkələrində və beynəlxalq platformalarda təşkil etdiyi tədbirlər artıq xüsusi diqqətlə qarşılanır. Müxtəlif ölkələr bu tədbirlərdə böyük məmnuniyyətlə iştirak edirlər. Çünki Azərbaycan bu istiqamətdə mühüm nailiyyətlər əldə edib. Bu, Qoşulmama Hərəkatı çərçivəsində gördüyümüz işlərin nəticəsidir. Yaxınlarda Azərbaycan parlamentinin sədri Parlamentlərarası İttifaqda (IPU) keçirilən seçkilərdə sədrliyə namizədliyini irəli sürdü. Nəticədə ölkələrin 36 faizi Azərbaycana səs verdi və Azərbaycan ikinci yeri tutdu. Parlamentlərarası İttifaq faktiki olaraq dünya parlamentlərini birləşdirən, BMT-nin parlament səviyyəsindəki platforması hesab edilə biləcək bir təşkilatdır. Bütün dünya ölkələri burada təmsil olunur. Qısa müddət ərzində belə nəticələrin əldə edilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Yaddan çıxarmayaq ki, gələn il Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatının konfransı keçiriləcək və ölkəmiz həmin təşkilata sədrlik edəcək.

– 2028-ci ildə Avropa Siyasi Birliyinin sammitinin də Azərbaycanda keçirilməsi nəzərdə tutulur. Bundan başqa, Azərbaycan Müstəqil Dövlətlər Birliyinə də sədrlik edəcək. Bütün bunlar ölkənin xarici siyaətinin əsas istiqamətləri baxımından nə deməkdir?

– Bəli, Avropa Siyasi Birliyinin sammiti 2028-ci ildə keçiriləcək. Daha sonra Azərbaycan Müstəqil Dövlətlər Birliyinə sədrlik edəcək. 2028-2029-cu illərdə Özbəkistanla birlikdə bu istiqamətdə fəaliyyətimiz olacaq. Belə olan halda, ATƏT-ə sədrlik məsələsini niyə əlçatmaz bir məqsəd kimi qiymətləndirməliyik?

Azərbaycan artıq bir sıra böyük beynəlxalq təşkilatlara sədrlik edir. Sadəcə Avropanın daxilində Azərbaycana qarşı köhnə yanaşmalarla yaşayan, müəyyən müqavimət göstərən qüvvələr var. Biz düşünməməliyik ki, ATƏT hansısa xüsusi, əlçatmaz təşkilatdır. ATƏT də digər beynəlxalq təşkilatlar kimi bir qurumdur və onun da ciddi islahatlara ehtiyacı var. Yaddan çıxarmayaq ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü də seçilmişdi. Ona görə də mən Azərbaycanın ATƏT-ə sədrliyini qeyri-adi və əlçatmaz bir məsələ hesab etmirəm. Əsas və unikal məsələ Azərbaycanın gücünün, beynəlxalq rolunun və gördüyü işlərin dünya tərəfindən qəbul edilməsidir. Bu gün Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda təmsil olunur, onlara sədrlik edir, mühüm tədbirlər təşkil edir. Ən əsası isə Azərbaycanın sözü getdikcə daha tutarlı və keçərli olur.

Elçin Rüstəmli

“AzPolitika.info”


Oxunub: 14
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 09:42 | “SÜLHÜ POZMAQ VƏ MÜHARİBƏNİ YENİDƏN BAŞLATMAQ İSTƏYİRLƏR...” – “Üçüncü Ermənistana qayıtmağa çalışırlar”
    Bu gün, 09:31 | BANK KARTLARINDAN PULLARIMIZ BELƏ OĞURLANIR... – Dələduzların yeni ÜSULLARI
    Bu gün, 09:10 | Xəstə çağırışçıları ORDUYA KİM YIĞIR? - DİQQƏT: SOS!
    Bu gün, 09:05 | İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında
    Bu gün, 08:59 | "Milan" və "Beşiktaş"dan qələbə
    Bu gün, 08:49 | AzTU-da ağciyər xərçənginin aşkarlanmasında süni intellekt layihəsi təqdim olunub - FOTOLAR
    Bu gün, 08:41 | Kəlağayı - Natəvan Dəmirçioğlunun hekayəsi
    Bu gün, 08:33 | Simonyan dekabrda Azərbaycana səfər edəcək: Hansı məsələlər müzakirə olunacaq?
    Bu gün, 08:07 | İcra başçısı rayonda aparılan abadlıq işlərinə yerində baxış keçirib
    Bu gün, 00:10 | Tərtər "Gənclər paytaxtı", Masallı isə "İdman paytaxtı" seçildi - Foto
    Bu gün, 00:00 | Qazaxda evdə partlayış: Ağır yanıq xəsarətləri alan şəxs Bakıya gətirildi - Foto/Video
    Dünən, 19:13 | Qaz olmayacaq
    Dünən, 19:12 | Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir
    Dünən, 19:10 | Babasının 1500 manatını oğurladı, həbs olundu
    Dünən, 19:07 | "Agac.az" mobil tətbiqi istifadəyə verildi
    Dünən, 17:11 | “Qubadlı” diviziyasına Döyüş Bayrağı təqdim edildi - Video
    Dünən, 17:10 | Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı
    Dünən, 16:21 | Azərbaycanda "Temu" bağlanır? - AÇIQLAMA
    Dünən, 16:18 | Heyvanlara verilən suyun temperaturu 30 dərəcəyədək isidilməlidir - Yeni tələb
    Dünən, 16:17 | Dərsliklərdə səhvlərin səbəbləri açıqlandı
    Dünən, 16:14 | Gəncin ifası Müslüm Maqomayevə bənzədildi – Video
    Dünən, 14:45 | Bağça müəllimlərinin imtahan vaxtı dəyişdirilib - Yeni tarix
    Dünən, 14:36 | Qərbi Azərbaycanda 1011 villaya qaz verilişi dayandırıldı
    Dünən, 14:34 | Ramiz Mehdiyev və köməkçisi yenidən hakim qarşısında
    Dünən, 14:33 | İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi
    Dünən, 14:20 | Namizəd Səfərova hökm oxundu
    Dünən, 14:18 | ÇL-də qalmaqal: Hakim oyunu sərxoş idarə etdi... - Video
    Dünən, 13:53 | "Qızımı 11 ildir özümdən uzaqlaşdırmışam" - VİDEO
    Dünən, 13:50 | “Kontakt” Əlinin sevgisinə səs verdi
    Dünən, 13:43 | 100 min veterana məktub göndərildi: Müharibəyə hazırlaşın!
    Dünən, 13:11 | 5 nömrəli xəstəxana nə vaxt istifadəyə veriləcək? - Video
    Dünən, 13:08 | Sabahın hava proqnozu açıqlandı
    Dünən, 13:05 | Övladlarına aliment ödəməyən qadına cəza verildi
    Dünən, 08:23 | Gülnarə Kərimovanın İsveçrədə müsadirə edilmiş aktivləri Özbəkistana qaytarılacaq
    Dünən, 08:12 | Səhər yeməyi üçün ən uyğun vaxt hansıdır? - Mütəxəssisdən açıqlama
    Dünən, 07:37 | Qaradağda palçıq vulkanı püskürüb
    Dünən, 07:31 | Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!
    Dünən, 07:21 | Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı - Video
    Dünən, 07:19 | Sosial müəssisədə doqquz gündür istilik yoxdur? - Video
    Dünən, 07:16 | Aİ Şurası Ukraynaya 45 milyard avro ayrılması ilə bağlı qərar qəbul edib
    Dünən, 07:09 | 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar - Video
    Dünən, 02:03 | "Mançester Yunayted" xal itirdi, "Fənərbağça" qalib gəldi: Çempionlar Liqasında günün nəticələri
    25-11-2026, 23:34 | "Sabah" "Barselona"ya məğlub oldu
    25-11-2026, 22:17 | Hikmət Hacıyevin, Ramil Usubovun, Fuad Ələsgərovun, Altay Həsənovun və Kərəm Həsənovun qəbul günləri açıqlandı
    25-11-2026, 22:15 | Epilepsiya xəstəsi olan qazinin 30 il aldığı müavinət niyə dayandırılıb?
    25-11-2026, 22:13 | Nazirlər Kabinetindən yeni qərar: 100 manat
    25-11-2026, 22:11 | Tələbələr Abbaszadəyə müraciət etdi: Bizi geri qaytarın!
    25-11-2026, 20:50 | "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? - Video
    25-11-2026, 20:45 | Sabah bu şəhərdə qaz olmayacaq
    25-11-2026, 20:08 | Kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.