"Əvvəllər hərbi çağırışa və çağırışçıların tibbi yoxlanışına el arasında hərbi komissarlıq dediyimiz rayon şöbələri baxırdı. Sonradan tibbi yoxlanış səlahiyyətlərin verdilər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə.
Bu qurum qərar verirsə ki, çağırışçı sağlamdı... məsələ bitdi..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hərbi ekspert Tofiq Şahmuradov yazıb.
O daha sonra fikrini belə davam etdirir: "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti burda işi o çağırışçını avtobusa qoyub yola salmaqdı.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti burda sığortalanmış qurumdu,onlar deyir ki, biz çağırışçını sağlamlığında olan problemlə bağlı saxlıya bilmirik, qərar verən orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Avtobusa qoyulub göndərilən canlı bomba gəlib düşür orduya.
Belə problemli əsgər sayıda 1 deyil... 2 deyil.
Adamın üstündə Allah var, təkcə son iki ay ərzində sosial şəbəkələr vasitəsilə mənə onlarla müraciət daxil olub. Yazdığım əvvəlki statusdan sonra da daha iki müraciət daxil oldu.
Dövlət Sərhəd Xidmətinin rəisinin şəxsən verdiyi göstərişlər əsasında Xidmət rəisinin şəxsi heyət üzrə müavini və onun tabeliyində olan ictimaiyyətlə əlaqələr idarəsinin əməkdaşları səhhətində problem olan əsgərlərlə bağlı müraciətlərimə hər zaman operativ reaksiya veriblər.
Ədalət naminə deməliyəm ki, bu günədək etdiyim müraciətlərin heç biri diqqətdən kənarda qalmayıb. Hətta Naxçıvanda xidmət edən bir əsgərlə bağlı müraciətimdən sonra həmin əsgər ertəsi gün səhər hərbi hospitala gətirildi. Zaqatalada xidmət edən əsgərlə, eləcə də yaxınlarda böyrəyində daş aşkarlanan əsgərlə bağlı müraciətlərimə də eyni həssaslıqla yanaşıldı.
Burada bir məqamı xüsusilə vurğulamaq istəyirəm. Müraciət etdiyim əsgərlərin hamısının hələ hərbi xidmətə çağırılmazdan əvvəl səhhətlərində problemləri olub. Buna baxmayaraq, onlar hərbi xidmətə yararlı hesab edilərək xidmətə göndəriliblər.
İndi düşünün, hərbi xidmətə yararlı hesab edilərək Dövlət Sərhəd Xidmətinə göndərilən əsgərin əvvəlcədən mövcud olan sağlamlıq problemi sonradan üzə çıxır.
Hərbi qurum isə həmin əsgərin müayinəsini, müalicəsini, hospitala yerləşdirilməsini və zərurət yarandığı halda hərbi xidmətdən təxris olunması ilə bağlı prosedurları həyata keçirməli olur. Bu prosedur bəzən altı aya qədər uzanır. Həmin müddət ərzində əsgər hospitalda qalmalı olur və onun təxris məsələsi müxtəlif tibbi və inzibati prosedurlardan keçir.
Yəni çağırış mərhələsində qarşısı alına biləcək problemin bütün ağırlığı sonradan hərbi qurumun üzərinə düşür. Bu, həm hərbi hissələrin şəxsi heyətinin üzərinə əlavə məsuliyyət qoyur, həm hərbi tibb müəssisələrinin iş yükünü artırır, həm də dövlətin əlavə resurslar sərf etməsinə səbəb olur.
Ən əsası isə gəncin sağlamlığı risk altında qalır. Düşünmək olmaz ki, biz müraciət edən kimi hospitala yerləşdirilən əsgər qısa müddətdə hərbi xidmətdən təxris olunacaq. Bu, kifayət qədər mürəkkəb və uzun prosesdir.
Bütün bunlardan sonra valideyn də haqlı olaraq övladına görə narahatlıq keçirir.
Ancaq valideynin ilk üz tutduğu və bəzən də günahlandırdığı tərəf övladının xidmət etdiyi hərbi qurum olur. Halbuki problemin hansı mərhələdə yarandığını da araşdırmaq lazımdır.
Mən media nümayəndəsi olaraq nöqsanları tənqid etməli olduğum kimi, görülən işləri də obyektiv qiymətləndirməliyəm. Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin müraciətlərə operativ və həssas münasibətini görüb bunu deməmək ədalətsizlik olardı.
Əlbəttə, hərbi qurumlar da öz üzərlərinə düşən məsuliyyəti daşımalıdırlar. Lakin hərbi xidmətə çağırılan vətəndaşın sağlamlıq vəziyyətinin düzgün qiymətləndirilməməsinə görə bütün məsuliyyəti onun xidmət etdiyi qurumun üzərinə qoymaq doğru deyil.
Məsələnin kökündə dayanan səbəbləri aradan qaldırmadan yalnız nəticələrlə mübarizə aparmaqla bu problemi həll edə bilmərik. Əsas məqsəd xəstə əsgərin hərbi hospitala operativ yerləşdirilməsi ilə yanaşı, hərbi xidmətə yararsız vətəndaşın ümumiyyətlə ordu sıralarına göndərilməsinin qarşısını almaq olmalıdır.
Digər ciddi problemlərdən biri isə hərbi hospitallarda və ümumilikdə ölkənin dövlət səhiyyə müəssisələrində ixtisaslı həkim kadrlarının çatışmazlığıdır. Bunu açıq şəkildə demək lazımdır. Ordu rəhbərliyinin ən ciddi problemlərindən biri budur.
Gəlin, məsələyə real yanaşaq. Tutaq ki, mən yüksək ixtisaslı kardioloqam. Özəl sektorda işləyərək ayda 10-15 min manat qazanmaq imkanım varsa, niyə hərbi hospitalda 1500-2000 manat əməkhaqqı müqabilində çalışmalıyam? Yaxud təcrübəli ümumi cərraham. Özəl tibb müəssisəsində işləyərək daha yüksək gəlir əldə edə bilirəmsə, niyə dövlət xəstəxanasında və ya hərbi hospitalda dəfələrlə aşağı əməkhaqqı ilə işləməyə üstünlük verməliyəm?
Məhz bu amillər də ixtisaslı tibbi kadrların dövlət sektoruna cəlb olunmasını çətinləşdirir.
Bu gün istər Müdafiə Nazirliyinin, istərsə də Dövlət Sərhəd Xidmətinin qarşısında duran ciddi məsələlərdən biri də tibbi kadr çatışmazlığıdır. Bu problem təkcə Silahlı Qüvvələrdə deyil, ümumilikdə dövlət səhiyyə sistemində mövcuddur.
Bir məqamı da unutmayaq: ürəyində ciddi problemi olan bir əsgər hərbi hospitala göndərilirsə, bu, heç də o demək deyil ki, orada bütün imkanlar mükəmməldir və onun müalicəsi ,əməliyyatı üçün hər cür hər şərait var. Əlbəttə, həkimlər öz imkanları daxilində əllərindən gələni edirlər. Onların zəhmətini də danmaq olmaz. Amma mövcud problemləri də görməzdən gəlmək düzgün deyil.
Unutmayaq ki, söhbət sadəcə çağırış göstəricilərindən deyil, insan sağlamlığından, valideynə əmanət olan övladın həyatından və ordumuzun döyüş qabiliyyətindən gedir.
P.S Mənə indi iki nəfər yazıb ki, yararsız ola-ola bizi aparırlar.İndi təsəvvür edin belə problemli əsgərlər gedir düşür DSX ya... Komandir döyüş hazırlığı ilə məşğul olsun ,yoxsa bu əsgərlərlə?.."