Paşinyan bu iki səbəbə görə Əliyevlə görüşdən qaçdı
Ermənistanın Baş naziri Nikol Paşinyan Londonda Azərbaycan Prezidenti İlham Əliyevlə ona görə görüşməyib ki, masada Böyük Britaniyanın baş naziri Keyr Starmer də oturacaqmış. Bunda qeyri-adi heç nə yoxdur. Avropa ilə bağlı toplantı Londonda keçirilib və Azərbaycanla Ermənistanın liderini görüşdürmək təşəbbüsü ev yiyəsi kimi Böyük Britaniyadan gəlib. Necə ki, fevralın əvvəlində İlham Əliyev və Nikol Paşinyan Münhendə Təhlükəsizlik Konfransında iştirakları səbəbiylə onları Almaniyanın kansleri Olaf Şolts görüşdürmüşdü, eynisini Böyük Britaniyanın baş naziri etmək istəyirdi. Bu ümumi qaydadır. Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Nikol Paşinyanın Londonda Azərbaycan lideri ilə görüşdən imtinası haqda qeyd edib. “Böyük Britaniyanın baş nazirinin iştirakı simvolik xarakter daşıyacaqdı. Starmer ümumi şəkil çəkdirib və qısa şəkildə giriş nitqi deyib otağı tərk edəcəkdi. Olaf Şolts da fevralda belə etmişdi. Qəribəsi odur ki, Böyük Britaniya Azərbaycanla tərəfdaşlıq münasibətlərinə malik olsa da, İrəvan da son bir ildə Londonla sıx əlaqələr qurub, qarşılıqlı səfərlər reallaşıb. Fikrimcə, Nikol Paşinyanın görüşdən imtinasının səbəbinin əsl mahiyyəti onun İlham Əliyevin iki tələbini yerinə yetirməsindən yayınmasıyla bağlıdır. Birinci tələb Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddialarını əks etdirən bəndlərin çıxarılması, ikinci tələb Minsk Qrupundan imtinanın birgə elan edilməsidir. Görünür, Paşinyan bu iki tələbin yerinə yetirilməsinin onun hakimiyyətinin zəifləməsi və reytinqinə təsir edəcəyi ilə əlaqələndirir. Halbuki bu iki şərt yerinə yetirilmədən sülh sazişinin imzalanması mümkün deyil. İlham Əliyevin sözlərinə görə, sülh sazişinin mətninin 90 faizi razılaşdırılıb. İki tələbin yerinə yetirilməsi 10 faizin içindədir, sülhə bircə addım qalıb. Paşinyan hər iki addımı atmaq məcburiyyətindədir, vaxtın uzanması heç nəyi dəyişməyəcək”, - politoloq vurğulayıb.