Qazaxda "Sələflərin izi ilə" araşdırma layihəsi davam edir
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən "Sələflərin izi ilə" araşdırma layihəsi davam edir. Fəaliyyət çərçivəsində növbəti görüşdə aktiv gənclərdən Aytən Əhmədova tanınmış dövlət xadimi, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Yusif Vəzir Çəmənzəminlinin anadan olmasının 136 illiyi ilə əlaqədar hazırladığı təqdimatı həmyaşıdları ilə bölüşüb. Təqdimatda qeyd olunub ki, Yusif Vəzir Çəmənzəminli olduqca məhsuldar yaradıcılıq dövründə romanlar, elmi araşdırmalar, oçerklər, publisistik məqalələr qələmə alıb, eyni zamanda da pedaqoji fəaliyyətlə də məşğul olub. Y.V.Çəmənzəminlinin yaradıcılığının məhsulu olan "Qan içində", "Studentlər", "Bir cavanın dəftəri", "Cənnətin qəbzi", "Qızlar bulağı", "Qanlı göz yaşları" əsərləri ədəbiyyatımızın bəzəyinə çevrilib.