Qonşumuz Ukraynanın səhvini etmədi - Rusiya Qərbin "ikinci cəbhə" planı haqda
Gürcüstan 2022-ci ildə Rusiyaya qarşı ikinci cəbhə açmaqdan imtina etməklə Qərbin onu öz maraqları naminə müharibəyə cəlb etmək planına qarşı çıxıb. Mediaxeberleri.Az xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş baş katibi Nikolay Bordyuja "RİA Novosti"yə açıqlamasında bildirib. Onun sözlərinə görə, Ukraynadan fərqli olaraq, Gürcüstan bu addımın hansı nəticələrə gətirib çıxaracağını anlayıb və Qərbin təklifini qəbul etməyib. “Ukrayna bunu anlamadı, gürcülər isə anladılar. Ukrayna müharibəsi başlayanda onlara ikinci cəbhə açmağı təklif etdilər, lakin imtina etdilər. Başa düşdülər ki, onları da sadəcə olaraq, top yeminə çevirmək istəyirlər”, - deyə Bordyuja vurğulayıb. O əlavə edib ki, Gürcüstan bu ideyadan uzaqlaşmaqla müdrik qərar verib. Bordyujanın fikrincə, Qərbin bir çox tərəfdaşları gec-tez öz maraqları naminə istifadə olunduqlarını anlayırlar. Bunun müqabilində isə onlara Avropa İttifaqına üzvlük vəd edilir. Qeyd edək ki, hakim “Gürcü Arzusu” partiyasının nümayəndələri dəfələrlə Qərb ölkələrinin rəsmilərinin Tbilisini Rusiyaya qarşı ikinci cəbhə açmağa razı salmağa çalışdıqlarını bildiriblər. Bu məsələ Gürcüstanla Kiyev arasında münasibətlərin də gərginləşməsinə səbəb olub. Belə ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze Ukraynanı postsovet məkanının ən korrupsiyalaşmış ölkələrindən biri adlandırıb.





















