Fransada yaşayan azərbaycanlılar Evian şəhərində etiraz aksiyası keçiriblər - YENİLƏNİB
Fransada yaşayan azərbaycanlıların Evian şəhərində keçirdiyi etiraz aksiyası başa çatıb. “Report”un Fransa bürosu xəbər verir ki, onlar “Natəvanın mədəni irsini qoruyaq!”, “Azərbaycan bağı”nın adının bərpasını tələb edirik!”, “Görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın irsini müdafiə edək!”, “Natəvanın ədəbiyyatda oynadığı rola hörmətlə yanaşaq!”, “Natəvan irsinin, mədəni irsin qorunub saxlanması üçün birləşək!” kimi şüarlar səsləndiriblər. Qeyd edək ki, 2017-ci ildə İsmayıllı və Evian şəhərlərinin qardaşlaşmasından sonra Azərbaycanın Evian-le Ba şəhərinə hədiyyəsi olaraq “Azərbaycan bağı”nda ucaldılmış heykələ qarşı vandalizm aktı təkcə azərbaycanlıları deyil, yerli ictimaiyyəti də narahat edib. 16:01 Fransada yaşayan azərbaycanlılar etiraz aksiyası keçirirlər. “Report”un Fransa bürosu xəbər verir ki, bu ölkədəki Azərbaycan icması Fransanın Evian-le Ba (Evian-les-Bains) şəhərində, 19-cu əsrin böyük Azərbaycan şairəsi Xurşudbanu Natəvanın heykəlinin qarşısına toplaşıb. Avropa Azərbaycanlıları Koordinasiya Şurası və Avropa Azərbaycanlıları Konqresinin təşkil etdiyi bu toplantının məqsədi bu heykələ qarşı son zamanlar həyata keçirilən vandalizm aktlarına qarşı etiraz etməkdir. Fransa azərbaycanlıları bu etiraz aksiyası ilə Natəvanın heykəlinin, onun simvolik mənası, Azərbaycan icması üçün mənəvi dəyərini Fransa ictimaiyyətinin, mediasının diqqətinə çatdırır. Nümayiş yerli hakimiyyət orqanlarının icazəsi ilə keçirilir. Etiraz aksiyasina Fransanın və Avropanın müxtəlif şəhərlərində Paris, Strasburq, Berlin, Cenevrədə yaşayan azərbaycanlılar toplaşıblar. Əraziyə təhlükəsizliyi təmin etmək üçün polislər cəlb ediliblər.