Ərdoğan Cəbrayılla bağlı sənədə imza atdı
Türkiyənin 250 milyon TL-lik qrant dəstəyi Qarabağın Cəbrayıl rayonunda qurulacaq layihə üçün istifadə olunacaq. Mediaxeberleri.AZ xəbər verir ki, Cəbrayılda qurulacaq “Türkiyə-Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi və Körpələr Evi Layihəsi” çərçivəsində Türkiyə ilə Azərbaycan arasında qrant dəstəyi haqqında Beynəlxalq Saziş imzalanıb. Saziş Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə “Resmi Gazete”də dərc olunub. Müqaviləyə əsasən, Türkiyə layihənin maliyyələşdirilməsində istifadə olunması üçün Azərbaycana 250 milyon TL qrant dəstəyi verəcək. Layihənin ümumi dəyəri bu məbləğdən çox olmazsa, Azərbaycan qalan vəsaitdən istifadə hüququnu tələb edə bilməyəcək. Layihədə tikinti işlərini həyata keçirəcək şirkət türk mənşəli və ya ən azı 51 faizi Türkiyə şirkətinə məxsus olan podrat şirkətləri arasından müəyyən ediləcək. Qrant müqaviləsi zəruri hüquqi prosedurların yerinə yetirildiyi barədə bir-birlərinə sonuncu yazılı bildirişi aldıqları tarixdən qüvvəyə minəcək.