Laçında yetişdirilən məhsullar satışa çıxarılır - VİDEO
Laçında yaradılan istixanalarda müxtəlif növ tərəvəz məhsulları istehsal edilir. Burada yetişdirilən məhsullar yığılaraq satış üçün hazırlanır. Xezerxeber.az-ın məlumatına görə, Laçın şəhərindən bir neçə kilometr məsafədə, Zerti kəndində yerləşən Aqro və Sənaye Parkında yerləşən istixanalarda becərmə işləri aparılır. Laçında əhalinin meyvə və tərəvəzlə təmin olunması məqsədi ilə bu istixanaların fəaliyyət sahəsinin genişləndirilməsi nəzərdə tutulur. Yaxın gələcəkdə Laçın şəhəri ərazisində yarmarkatipli açıq və qapalı böyük bir bazarın tikintisi də nəzərdə tutulub. Layihə artıq hazırdır. Əsas məqsəd istixanalarda yetişdirilən məhsulların satışını təmin etməkdir. Gələn ildən isə bazarlarda Laçın balığını da görmək mümkün olacaq. Bunun üçün Laçındakı Həkəri balıq təsərrüfatında balıqlar yetişdirilir. Hazırda bu müəssisədə Laçından olan 37 sakin çalışır. Laçına yeni köçən müsahibimiz deyir ki, onlar təkcə yaxşı şəraitlə təmin olunmayıb, həm də məşğulluq məsələləri həll olunub. Qeyd edək ki, Laçına indiyədək 350-ə yaxın ailə köçüb. Bu ərazilərə köç davam edir. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: