Prokurorluq binasında intihar edən keçmiş polis əməkdaşının işi üzrə ayrıcı icraat başlanılıb
Mingəçevir Şəhər Prokurorluğundan özünü ataraq intihar edən 32 yaşlı Turalə Aslanovanın intiharı ilə bağlı başladılmış cinayət işinin araşdırması davam edir.
Mediaxeberleri.AZ APA-ya istinadla xəbər verir ki, bunu Baş Prokurorluğun İnstaqram sosial şəbəkəsindəki səhifəsində canlı yayım zamanı İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.
O bildirib ki, həmin cinayət işi üzrə dindirilmələr keçirilib: “İstintaq zamanı ayrı-ayrı şəxslərin külli miqdarda dələduzluq faktları ortaya çıxıb. Həmin dələduzluq faktları da ayrıcı icraatda araşdırılır. Çoxsaylı dindirilmələr keçirilib, bank məlumatları götürülüb. Hələlik yekun qərar yoxdur”.
Qeyd edək ki, Mingəçevir Şəhər Prokurorluğundan özünü ataraq intihar edən 32 yaşlı Turalə Aslanovanın keçmiş polis əməkdaşı olması müəyyənləşib. Belə ki, xeyli müddət DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Gəncə Şəhər Şöbəsində işləyən T.Aslanova dələduzluq əməlləri ilə bağlı şikayətlər daxil olandan sonra tutduğu vəzifədən və polis sıralarından uzaqlaşdırılıb.