Təhsil işçilərinə şad xəbər: İctimai nəqliyyatda ödənişlərin 10%-i geri qaytarılacaq
TəhsilPlus kartı çərçivəsində təhsil işçiləri üçün nəqliyyat sahəsində təqdim olunan üstünlüklərin əhatə dairəsi genişləndirilir. 1 iyul–30 sentyabr tarixləri arasında Gəncə şəhərində ictimai nəqliyyatda TəhsilPlus kartları ilə həyata keçirilən bütün ödənişlər üzrə məbləğin 10 faizi kart hesabına geri qaytarılacaq. Bu barədə Mediaxeberleri.Az-a Təhsilin İnkişafı Fondundan məlumat verilib. Bildirilib ki, geri qaytarılan vəsait hər bir əməliyyatdan dərhal sonra, real vaxt rejimində istifadəçinin TəhsilPlus kart hesabına köçürüləcək. Kampaniya çərçivəsində geri qaytarılan məbləğ və əməliyyat sayı üzrə hər hansı məhdudiyyət tətbiq olunmayacaq. Qeyd edilib ki, TəhsilPlus kartı istifadəçiləri BakıKart QR bileti ilə edilən ödənişlər zamanı da daimi olaraq 10 faiz bonus əldə edirlər. Bundan əlavə, kart sahibləri layihənin tərəfdaş şəbəkəsinə daxil olan müxtəlif müəssisələrdə alış-veriş, sağlamlıq, xidmət, istirahət və digər kateqoriyalar üzrə xüsusi endirim və bonuslardan yararlana bilirlər. Məlumata görə, "TəhsilPlus" layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və Mastercard-ın birgə əməkdaşlığı ilə həyata keçirilir. Layihə çərçivəsində kartların bütün təhsil pillələrində çalışan təhsil işçilərinə mərhələli şəkildə təqdim edilməsi, eləcə də onlar üçün yeni üstünlüklərin yaradılması və tərəfdaş şəbəkəsinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.





















