Paşinyandan dəhşətli etiraf: Qarabağ məsələsi Ermənistan dövlətçiliyinə qarşı alət olub
Qarabağ məsələsi erməni dövlətçiliyinin möhkəmlənməsinə qarşı bir alət kimi istifadə edildi. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində deyib. “Dağlıq Qarabağ məsələsində istədiyimizə, heç olmasa, 1996-cı ildə ATƏT-in Lissabon sammitindən sonra nail olmaq mümkün olmadı. Bu sammitdə “konsensusa -1” - qoşulanların hamısı rəsmi görüşlərin qapalı hissəsində və ziyafətlərdə bunun mümkün olduğuna və mütləq baş verəcəyinə bizi inandırırdılar. Amma bütün bunlar yalnız bir məqsəd güdürdü - Ermənistan dövlətinin yaranmasının qarşısını almaq”, - Paşinyan bildirib. Hökumət başçısının sözlərinə görə, onlar Qarabağ məsələsindən erməni dövlətçiliyinin inkişafının qarşısını almaq üçün rıçaq kimi istifadə ediblər və vəziyyət o həddə çatıb ki, məsələnin həlli müstəqil Ermənistan Respublikasının mövcudluğunun de-fakto və ya de-yure dayandırılmasına gətirib çıxara bilər. "Ən azı 1996-cı ildən Qarabağ məsələsi mövcud deyildi. Ermənistan Respublikası məsələsi var idi. 1998-ci il, 27 oktyabr 1999-cu il, 2020-ci və 2023-cü il hadisələri də bu kontekstdə nəzərdən keçirilməlidir", - Paşinyan deyib.