İki nəfərin öldüyü qəzada sağ qalan şəxsin vəziyyəti açıqlandı
İmişli rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1 nəfər şəxs (kişi) bu gün saat 11:40-da İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: "Ona bədənin müxtəlif nahiyələrinin əzilməsi diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1981-ci il təvəllüdlü pasiyentin müalicəsi hazırda Təcili yardım şöbəsində davam etdirilir". Qeyd edək ki, İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobilinin yük avtomobili ilə toqquşması nəticəsində 2 nəfər - Füzuli rayon sakinləri 1988-ci il təvəllüdlü Həsən Həsənov və 1980-ci il təvəllüdlü Gülrəng Əliyeva hadisə yerində ölüb. Xəsarət alan 1981-ci il təvəllüdlü Mənsur Rzayev xəstəxanaya yerəşdirilib.





















