İmişlidə qəzada ölən və xəsarət alan sərnişin ər-arvad imiş - YENİLƏNİB
İ Oxu.Az-ın əldə etdiyi məlumata görə, KIA markalı minik avtomobilinin sərnişinləri - 1980-ci il təvəllüdlü Gülrəng Əliyeva və 1981-ci il təvəllüdlü Mənsur Rzayev ər-arvad olublar. Qəza nəticəsində Gülrəng Əliyeva həyatını itirib, Mənsur Rzayev isə xəsarət alıb. Qeyd edək ki, hadisə zamanı minik avtomobilinin sürücüsü, 1988-ci il təvəllüdlü Həsən Həsənov da həlak olub. Avtomobildə olan hər üç şəxs Füzuli rayon sakinidir. Məlumata görə, qəza 1982-ci il təvəllüdlü Emin Ələkbərovun idarə etdiyi DAF markalı yük avtomobili ilə Həsən Həsənovun idarə etdiyi KIA markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib. Faktla bağlı araşdırma aparılır. *** 12:38 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İmişli-Kürdəmir avtomobil yolunun İmişli rayonu, Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Bu barədə FHN Mətbuat xidməti məlumat yayıb. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “DAF” markalı yük və “KİA” markalı minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat qəzasının baş verdiyi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qaldığ müəyyən olunub. Yanğınsöndürən-xilasedicilər tərəfindən qəza nəticəsində vəfat edən sürücünün (kişi cinsli) və sərnişinin (qadın cinsli) meyiti “KİA” markalı minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. *** 11:44 İmişli rayonunda yük və minik avtomobilləri toqquşub. Hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonunun Telişli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı iki nəfər ölüb. Faktla bağlı araşdırma aparılır.
İmişli-Kürdəmir avtomobil yolunun İmişli rayonunun Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı yeni detallar məlum olub.





















