Neftçilərin ölümünə görə vəzifəli şəxs saxlanıldı
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin iki əməkdaşının dənizə düşərək ölməsi ilə bağlı ibtidai istintaq tamamlanıb. Mediaxeberleri.Az qafqazinfo-ya istinadən xəbər verir ki, idarənin vəzifəli şəxslərindən olan və tikintidə təhlükəsizliyə cavabdeh şəxs sayılan Mirzəyev Samir Zəhimağa oğlu məsuliyyətə cəlb edilib və onun barəsində Cinayət Məcəlləsinin 222.4-cü maddəsi ilə ittiham verilib. İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası noyabrın 13-nə təyin edilib. Qeyd edək ki, bu ilin avqustun 24-də səhər saatlarında SOCAR-ın iki işçisi açıq dəniz sahəsinə suya yıxılıb. Hadisə "Azneft" İB-nin "N.Nərimanov" NQÇİ-nin 3 saylı Neft Yığımı Məntəqəsində baş verib. Belə ki, obyektdə tikinti quraşdırma işləri aparılarkən dəmir-beton pilitənin qırılması nəticəsində polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcısı 63 yaşlı Şirvan Ataş oğlu Ağammədov və elektrik qaynaqçısı, 39 yaşlı Şamo Mətləb oğlu Nərimanov dənizə düşərək vəfat ediblər.