Füzulidə yeniyetmənin şok qisası: atasına görə 86 minlik malı YANDIRDI
Füzulidə yeniyetmə qonşusunun tövləsini yandıraraq, külli miqdarda ziyan vurub. Hadisə Qayıdış qəsəbəsində qeydə alınıb. 17 yaşlı Səbuhi Həsənov (şərti adla) gecəyarı həmkəndlisinin heyvanları üçün yığdığı yonca bağlamalarına od vurub. Yanğın daha sonra tövləyə keçib. Nəticədə tövlə, içərisindəki onlarla heyvan, yaxınlıqdakı su çənləri, yük avtomobilə məxsus mühərrik və sürətlər qutusu yanıb. Bununla da zərərçəkənə ümumilikdə 86 min 402 manat məbləğində ziyan vurub. İttiham aktına görə, Səbuhinin bu əməli törətməsinə səbəb atasının zərərçəkənlə bir neçə il mübahisə etməsidir. Qeyd olunur ki, Səbuhi məhz həmin məsələyə görə, qonşusunun tövləsini qisas məqsədilə yandırıb. Faktla bağlı Cinayət Məcəlləsinin bir neçə maddəsilə cinayət işi açılıb. Məhkəmə araşdırması zamanı Səbuhinin yetkinlik yaşına çatmaması, həmçinin yanğın zamanı tövləni açıb heyvanları xilas etməsi yüngülləşdirici hal kimi nəzərə alınıb. Məhkəmə S. Həsənov barəsində 2 il sınaq müddəti olmaqla 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etməsi təyin edib.





















