Vəzifəli şəxslərə kənar fəaliyyətlərlə əlaqədar məhdudiyyətlər və qadağalar qoyulacaq
Vəzifəli şəxslərə kənar fəaliyyətləri ilə əlaqədar məhdudiyyətlər və qadağalar qoyulacaq. Bu məsələ "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsində öz əksini tapıb. Sənəddə bildirilib ki, vəzifəli şəxs özünün və digər şəxslərin şəxsi marağı olan məsələlərlə bağlı, o cümlədən hər hansı formada gəlir əldə etdiyi fiziki və ya hüquqi şəxslərlə əlaqədar münasibətlərdə qurumu nümayəndə qismində təmsil edə bilməz. Həmçinin vəzifəli şəxs qulluq etdiyi dövr ərzində qurumun işləri üzrə üçüncü şəxslərin nümayəndəsi ola bilməz. Layihəyə əsasən, vəzifəli şəxs vəzifədən azad edildikdən və ya səlahiyyətlərinə xitam verildikdən sonra 2 (iki) il müddətində işlədiyi qurumun işləri üzrə üçüncü şəxslərin nümayəndəsi ola bilməyəcək. Bununla bərabər, sənədə görə, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, səlahiyyətli subyektlərin rəyi olmadan vəzifəli şəxs əsas və əlavə iş yerində əlavə vəzifə tuta (o cümlədən əvəçilik və ya müvəqqəti əvəzetmə üzrə), kənar fəaliyyətlə məşğul ola bilməz. Vəzifəli şəxs o halda əlavə vəzifə (o cümlədən əvəçilik və ya müvəqqəti əvəzetmə üzrə) tuta və ya kənar fəaliyyətlə məşğul ola bilər ki, əlavə vəzifənin (o cümlədən əvəçilik və ya müvəqqəti əvəzetmə üzrə) və ya kənar fəaliyyətin icrası əsas vəzifənin icrası ilə maraqlar toqquşması yaratmasın və əsas vəzifənin effektiv icrasına mane olmasın. İş vaxtından kənar vaxtlarda göstərilən və xidməti vəzifələrin icrası ilə əlaqədar olmayan fəaliyyət maddi və sair nemət, imtiyaz və ya güzəşt əldə etməyə yönəlmədiyi halda kənar fəaliyyət hesab edilmir. Vəzifəli şəxs elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti ilə Azərbaycan Konstitusiyasına və qanunlarına uyğun olaraq məşğul ola bilər.





















