Sərhədi keçdiyi deyilən hərbçimizlə bağlı şok iddia...
Azərbaycan ordusunun hərbçisi Ermənistanın Zəngəzur vilayətinin Şəki kəndinə daxil olub və yerli sakin olan qadını ayağından güllələyib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. “Sentyabrın 29-da Azərbaycan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə Azərbaycanın hərbi hissələrindən birinin hərbi qulluqçusunun naməlum şəraitdə xidmət yerini tərk etməsi barədə məlumat verib. Onun Ermənistan sərhədini qanunsuz keçmiş ola biləcəyi istisna edilmir. Daha sonra Ermənistan və Azərbaycanın səlahiyyətli orqanları zəruri axtarış tədbirləri həyata keçiriblər. Oktyabrın 1-də saat 14:15-də Ermənistanın Daxili İşlər Nazirliyinə Zəngəzur bölgəsinin Şəki kəndində Ermənistan vətəndaşı olan bir qadının ayağından güllələnməsi barədə məlumat daxil olub. Hadisənin Azərbaycan hərbi qulluqçusu tərəfindən törədildiyi müəyyən edilib və həmin şəxs sonradan saxlanılıb. Hadisə ilə bağlı təfərrüat Azərbaycan tərəfinə də təqdim edilib. İstintaq Komitəsi tərəfindən cinayət işi başlanılıb”, - məlumatda qeyd olunub. Ermənistanın “Hraparak” nəşrinin məlumatına görə isə 5 uşaq anası olan qadın Azərbaycan hərbçisinə bıçaqla hücum edərək xəsarət yetirib. Bundan sonra hərbçi qadına ayağından atəş açaraq hadisə yerindən uzaqlaşıb. Qarakilsə Tibb Mərkəzinin direktoru Anik Qriqoryan qadının müayinədən keçirildiyini və həyatı üçün təhlükə olmadığını açıqlayıb.





















